Şanlı zəfərin təcəssümü – 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunması dövlətimizin tarixi ədalətin bərpası, milli suverenliyin gücləndirilməsi və bölgələrin inkişafına verilən yüksək dəyərin bariz nümunəsidir. Həmin Sərəncama əsasən 25 noyabrın Kəlbəcər şəhəri günü kimi müəyyən edilməsi isə bu qədim diyarın qəhrəmanlıq, mübarizə və zəfər tarixinin xüsusi şəkildə qeyd olunmasına şərait yaratmışdır.
Kəlbəcər Azərbaycanın ən zəngin təbii sərvətlərə malik bölgələrindən biri olmaqla yanaşı, həm də ölkəmizin strateji əhəmiyyətli məkanlarındandır. 2020-ci il Vətən müharibəsində qazanılan böyük Qələbə nəticəsində Kəlbəcərin bir güllə belə atılmadan, siyasi-diplomatik ustalıq və hərbi-siyasi təzyiqin gücü ilə azad olunması Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Müzəffər Azərbaycan Ordusunun gücünün, xalqımızın sarsılmaz birliyinin təntənəsidir. Bu fakt Azərbaycanın müasir tarixində unudulmaz səhifələrdən biridir.
25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi yalnız tarixi hadisənin xatırlanması deyil, həm də bölgənin dirçəlişinə, bərpasına və gələcək inkişafına verilən xüsusi önəmin təzahürüdür. Bu gün Kəlbəcərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yollar, elektrik xətləri, su və qaz təminatı bərpa olunur, mədəni-tarixi abidələr qorunub yenidən canlandırılır. Şəhər günü həm də bu yenidənqurma proseslərinin simvolu kimi çıxış edir.
Bu tarixi gün Kəlbəcərin işğaldan azad olunmasının, qürurun və milli birlik hissinin rəmzinə çevrilmişdir. 25 noyabr hər il Azərbaycan xalqına torpaqlarımızın azad edilməsində göstərilmiş fədakarlığı, şəhidlərimizin müqəddəs ruhunu, ordumuzun yenilməzliyini və ölkəmizin gücünü xatırladır. Eyni zamanda, bu gün gələcəyə baxışın, Kəlbəcərin yeni həyatına, firavan gələcəyinə olan inamın təcəssümüdür.
Kəmalə Əliyeva Fuad – Zərdab rayonu, Qaravəlli kənd tam orta ümumtəhsil məktəbinin direktoru.





















