Şanlı Qələbə ilə bitmiş 44 günlük Vətən müharibəsi
2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ərzində xalqımız öz tarixinin ən şanlı günlərini yaşadı. Bu haqq savaşında Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan igidləri, Azərbaycan Ordusu, Azərbaycan xalqı tarix yazdı. Məhz Vətən müharibəsində əldə etdiyimiz Qələbə sayəsində biz bu gün qalib ölkənin, bütöv Azərbaycanın vətəndaşlarıyıq.
Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımız 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad etdik. Biz döyüş meydanında tarixi ədaləti bərpa etdik. Qazandığımız Zəfərlə Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi