Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.
Cənab Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə səsləndirdiyi “Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır” fikri Azərbaycan dövlət siyasətinin strateji mahiyyətini və uzunmüddətli inkişaf konsepsiyasını dolğun şəkildə əks etdirir. Bu fikir gəncliyə və idmana verilən dəyərin təkcə sosial məsələ olmadığını, eyni zamanda milli təhlükəsizlik, iqtisadi inkişaf və cəmiyyətin intellektual potensialı ilə birbaşa bağlı olduğunu göstərir.
Müasir dünyada ölkələrin gücü yalnız təbii sərvətlər və ya texnoloji imkanlarla ölçülmür. Əsas meyar insan kapitalıdır. Sağlam, fiziki və mənəvi baxımdan möhkəm gənclik hər bir dövlətin ən böyük sərvətidir. Azərbaycan da bu reallığı nəzərə alaraq gənclərin sağlam formalaşmasını dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Son illər ölkədə idman infrastrukturunun genişləndirilməsi, məktəblərdə fiziki tərbiyənin gücləndirilməsi, kütləvi idman tədbirlərinin təşkili bu siyasətin real nəticələridir.
Cənab Prezident mərasimdə çıxışına davam edərək da qeyd etmişdir ki, “Əlbəttə ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır”.
Cənab Prezidentin vurğuladığı sağlam gənc nəsil anlayışı təkcə fiziki sağlamlıqla məhdudlaşmır. Bu anlayış həm də psixoloji dayanıqlılığı, yüksək mənəvi dəyərləri, vətənpərvərlik ruhunu və məsuliyyətli vətəndaş mövqeyini ehtiva edir. İdman isə bu keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. İdman gəncləri intizamlı olmağa, məqsədə doğru əzmlə irəliləməyə, rəqabət mühitində özünü düzgün aparmağa öyrədir.
Sağlam gənclik eyni zamanda iqtisadi inkişafın mühüm təməlidir. Fiziki cəhətdən sağlam, enerjili və savadlı gənclər gələcəkdə məhsuldar əmək bazarını formalaşdırır, innovasiyalara açıq olur və ölkənin rəqabət qabiliyyətini artırır. Bu baxımdan idmana və sağlam həyat tərzinə qoyulan investisiyalar əslində ölkənin gələcəyinə yatırılan sərmayədir.
Sağlam gənc nəsil olmadan davamlı inkişaf mümkün deyil. Məhz sağlam, güclü və vətəninə bağlı gənclər Azərbaycanın sabahını quracaq, ölkəmizi yeni nailiyyətlərə və uğurlara aparacaqdır.
Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru






















