Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır
Azərbaycan Respublikasında dövlət siyasətinin əsas istiqamətlərindən biri sağlam, intellektual və vətənpərvər gənc nəslin formalaşdırılmasıdır. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışında vurğuladığı kimi, sağlam gənclik olmadan ölkənin davamlı inkişafından, güclü iqtisadiyyatdan və möhkəm dövlətçilikdən danışmaq mümkün deyil. Bu baxımdan idman sahəsinə göstərilən xüsusi diqqət strateji mahiyyət daşıyır və uzunmüddətli milli hədəflərə xidmət edir. Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi təkcə iqtisadi göstəricilərlə deyil, insan kapitalının keyfiyyəti ilə ölçülür. Fiziki və mənəvi cəhətdən sağlam gənclər hər bir dövlətin gələcəyini müəyyən edən əsas amildir. Azərbaycan dövləti bu reallığı əsas götürərək gənclərin sağlam həyat tərzinə cəlb olunmasını prioritet istiqamət kimi müəyyən etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları idmanın kütləviləşdirilməsinə, uşaqların və yeniyetmələrin erkən yaşlardan idmanla məşğul olmasına, regionlarda müasir idman infrastrukturunun yaradılmasına yönəlib. Bu siyasət təkcə idman nailiyyətlərinin artırılmasını deyil, eyni zamanda cəmiyyətin sağlamlaşmasını, sosial fəallığın yüksəlməsini və gənclərin zərərli vərdişlərdən uzaq tutulmasını təmin edir.
İdman təkcə fiziki sağlamlıq demək deyil. İdman eyni zamanda gənclərdə iradə, intizam, məsuliyyət, komanda ruhu və vətənpərvərlik kimi keyfiyyətlərin formalaşmasına mühüm təsir göstərir. Bu baxımdan idman gənclərin mənəvi tərbiyəsində də mühüm rol oynayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun gücü, xalqımızın birliyi ilə düşmən işğalından azad olunmuş əzəli və əbədi torpaqlarımızda geniş vüsət almış quruculuq işlərində idman komplekslərinin, stadionların tikintisinə xüsusi diqqət və qayğı göstərilir. Biz tezliklə azad olunmuş torpaqlarımızda beynəlxalq idman yarışlarının keçrilməsinə şahidlik edəcəyik. “Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır” fikri Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının mahiyyətini ifadə edir. Sağlam, savadlı və vətənpərvər gənclər olmadan güclü dövlət qurmaq mümkün deyil. Azərbaycan bu gün sağlam gəncliyə əsaslanan inkişaf yolunu inamla davam etdirir.
Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru E. Xəlilov




















