image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b86766dbe141d2de89f09bf0e3fb7d4d

Ruslar niyə sülh istəmir?

image-legitimaz-810x90

“Elə indiki Rusiya-Ukrayna müharibəsi də keçmiş Yuqoslaviya münaqişəsi kimi  ya prosesə Qərbin, NATO-nun daha fəal müdaxiləsilə bitəcək, ya da uzandıqca uzanacaq və Putin erasının bitməsini, hətta ola bilsin, ikinci “perestroyka”nı gözləmək lazım gələcək – əfqan savaşında olduğu kimi” – bunu yazmaqdan az qala, barmaqlarımız da qabar olubdur.

Hər dəfə də iki detalı xüsusilə qeyd edirik. Birincisi, Ukrayna millətçiləri tərslikdə ruslardan qətiyyən geri qalmır və şəxsən mən istisna etmirəm ki, ruslar durub hətta Kiyevi götürsələr belə savaş partizan müharibəsi şəklində davam edəcəkdir.

Rus imperiyasının ən güclü vaxtlarında – sovetin dövründə “benderovtsı” sözünü heç kimə izah etmək lazım deyildi, sovet rusları sözdəki mənanı gözəl anlayırdı, necə ki, “basmaçi” sözü onların ovqatını təlx edirdi – sonuncu ilə onlar indiki Türküstan xalqlarını adlandırırdılar.

İkincisi, hər dəfə böyük Çörçillin bir fikrini yada salırıq: “Ruslar yeganə xalqlardandır ki, yalnız güclə hesablaşırlar”.

Odur ki, Ukrayna-Rusiya müstəvisində az qala, hər gün sülhdən danışılsa da, Tramp cənabları gündə bir bəyanat versə də biz adi siyasi təhlilçi kimi çox pessimistik: müharibə üç ildən çoxdur davam edir, ABŞ prezidenti Tramp artıq səkkizinci aydır hakimiyyətdədir və o, bu vaxta qədər hansı optimist bəyanatlar verməyibdir!

Amma cənab Vladimir Putin sülhə gəlmir ki, gəlmir və deyəsən, artıq Tramp da bunu başa düşməyə başlayıbdır: getdikcə Putinə verdiyi ultimativ “srok”u azaldır. İndi də hamı Trampın xəbərdarlıqlarının nə ilə bitəcəyini gözləyir, halbuki bu adam neçə aydır eyni pafos-inamla sülhə çağırışlar da edir…

Bizsə fikrimizdə qalırıq: Rusiyanı yalnız güclə, daha ciddi təzyiqlə yerində oturtmaq olar. Adam özündən “Rusiya sülh istəyirmi?” deyə soruşanda qeyri-ixtiyari yadına çox məşhur mahnının “Ruslar müharibə istəyirmi?” sözləri düşür.

Yadınıza gəlirmi, bu mahnını İosif Kobzon və Lev Leşşenko (səhv etmirəmsə, ikisi də “paqonlu müğənni”lər idi – yəqin nə demək istədiyimi anladınız) oxuyurdu. İnsafən, pis oxumurdular. Amma yalan oxuyurdular, çünki ruslar nəinki müharibə istəyir, hətta ondan ötrü sinov da gedirlər.

Düzdür, sadə ruslardan heç vaxt, heç kim soruşmayıb ki, siz nə istəyirsiniz? Onların əvəzinə vaxtında rus çarları istəyib, Stalin istəyib, indi də Putin istəyir.

Amma Putinin dəstəkçiləri də az deyil. O gün Rusiya patriarxının kiçik müraciətini verirdilər.

Görün patriarx, bu “din və Allah adamı” nə deyir? Adam ərz edir ki, Rusiya başqa ölkələrə heç vaxt hücum etməyib! Təsəvvür edirsinizmi? Sual olunur: Rusiya hücum etmirsə, qeyri xalqları, ölkələri istila etmirsə, bu boyda imperiya necə yaranıbdır?..

İndiki müharibə, Ukraynaya açılan yeni savaş necə olsun? Ukrayna başqa ölkə deyilmi? Keçmiş Rusiya imperiyasının yenicə azadlıq qazanmış dövlətləri başqa ölkələr deyilmi? Yoxsa elə prezidentləri Putin kimi patriarx cənabları da belə hesab edir ki, harada rus parvoslav kilsəsi varsa ora Rusiyadır?..

Faciə ondadır ki, bu fikir heç də reallıqdan tamam uzaq deyil. İnanın, elə rus keşişləri də belə düşünür, ona görə də Rusiya patriarxının nə demək istədiyini gözəl “anlayırıq”, amma yenə də düşünürük ki, doğrudanmı Rusiya patriarxının rus ordusunun xorunun müşayiətilə yalandan “ruslar müharibə istəyirmi?” oxuyan Kobzondan (deyəsən, dünyasını dəyişib) və ya Leşşenkodan heç fərqi yoxdur?..

Bilirsiniz, burada adam daha nəyi qeyd etmək istəyir? “Din siyasətə qarşımır və qarışmamalıdır!” deyiləndə təcrübəli və realist politoloqlar həmişə mənalı-mənalı gülümsünürlər, çünki tolerantlıqdan,  sekulyarizmdən nə qədər dəm vurulsa da, dünyada həm də dinlərin, dini institutların savaşı gedir. Bu mənada rus pravoslav kilsəsinin iddiaları da rus siyasətçilərinin iddialarından nə geri qalır, nə də onlardan fərqlənir, bunların da öz imperiyaları, nüfuz coğrafiyaları var. Bir daha deyirik ki, tarix boyu imperiya uğrunda vuruşan təkcə rus siyasətçiləri, diplomatları və hərbçiləri olmayıb, həm də rus kilsəsi, rus keşişləri olub.

Məsələn, rus pravoslav kilsəsi digər dinlər bir yana, daim Vatikanla, digər xristian cərəyanları ilə nüfiz uğrunda savaşıbdı. Səhv etmirəmsə, 2022-ci ildə rus pravoslav kilsəsinin əlindən Ukrayna çıxdı və ona görə də “Malorossiya” uğrundakı savaş həm də rus pravoslav kilsəsinin apardığı savaşdır.

Özü də bu, tək rus kilsələri üçün xarakterik deyil. Qonşuluğumuzda, kiçik Ermənistanda kilsə ilə hökumət arasında nüfuz uğrunda, kimin ölkəni idarə edəcəyi ilə bağlı əməlli-başlı savaş getmirmi?..

Hələ demirik ki, Putin çox “dindar prezident” hesab olunur: dini bayramlarda hamıdan tez kilsəyə gəlıib şam yandırır, dua edir. Yəqin Tanrıdan diləyir ki, onun hakimiyyətini uzatsın, rus-sovet imperiyasını bərpa etmək üçün ona güc və qüdrət versin.

Ona görə də Tramp da, Avropa liderləri də əmin olmalıdırlar ki, Putini sülhə dəvət etmək yox, məcbur etmək olar, bunun üçün isə təkcə hərbi-texniki yardımla məsələ həll olunmayacaq, daha ciddi təsir və təzyiq lazımdır: bəli, əvvəldə xatırlatdığımız Yuqoslaviya münaqişəsində olduğu kimi.

Bilirsiniz, cənab Putinin də, rusların da başqa yolu yoxdur. Bunlar mədəni rəqabət yolunu uduzublar, iqtisadi-texniki tərəqqi sarıdan digər ölkələrdən bəlkə də həmişəlik geri qalıblar. Ona görə düşünürlər ki, tək bircə yolla, müharibələrlə, hərbi savaş, nüvə şantajı yolu ilə dünyanı özləri  ilə hesablaşmağa məcbur edə, yalnız bu yolla öz maraqlarını təmin edə bilərlər…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki