image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-5cedaa4cbeb6784af815a0d3f2832394

Rusiya səfirinin anti-Azərbaycan qüvvələrə jesti

image-legitimaz-810x90

Rusiyanın Ermənistandakı diplomatik nümayəndəliyinin rəhbəri Sergey Kopırkinin türk düşməni Zori Balayanın dəfn mərasimində iştirak etməsi ölkəmizdə ciddi etiraz doğurub.

Yada salaq ki, Zori Balayan Azərbaycana qarşı təcavüzün və Qarabağı Ermənistana birləşdirmək planlarının ideoloqlarından biri idi. O, həmçinin azərbaycanlılara və türklərə qarşı nifrətini gizlətmirdi. O, 3 iyul 1994-cü ildə Bakı metrosunda “Gənclik” və “28 May” stansiyaları arasında baş verən terror aktının birbaşa təhrikçisi idi. Məhkəmədə məlum olmuşdu ki, terror aktının törədilməsi məhz Balayanın təhriki ilə olmuşdu. Azərbaycan da bu səbəbdən ölənədək onun adını axtardığı cinayətkar siyahısından çıxarmamışdı.

Picture background

Rusiyanın Ermənistandakı səfirinin belə birinin dəfn mərasimində iştirakı sırf protokol jesti kimi izah olun bilər, amma reallıqda bu addım daha geniş siyasi kontekstdə dəyərləndirilir. Kopırkin bir neçə ildir ki, Rusiyanın Ermənistandakı diplomatik missiyasına rəhbərlik edir. O, sözsüz ki, Balayanın əməlləri ilə cəhənnəmi haqq etdiyini bilməyəcək qədər savadsız deyil.

Diplomatik praktikada səfirlər bəzən ev sahibi ölkənin tanınmış ictimai fiqurlarının dəfnində iştirak edirlər. Bu, münasibətləri qorumaq və yerli siyasi-ictimai mühitlə balans saxlamaq məqsədi daşıya bilər. Lakin söhbət fəaliyyəti daima ciddi mübahisələr doğuran, adı kin və nifrət doğuran Balayandan gedirsə, belə iştirak artıq neytral humanitar jest kimi deyil, siyasi mesaj kimi qəbul olunur. Səfirin şəxsi fikir bildirmək hüququ yoxdur. O, öz ölkəsinin mövqeyini ifadə edir.

Bu baxımdan Sergey Kopırkinin mərasimdə görünməsi bir neçə cür yozula bilər: ya bu, Ermənistan daxilində müəyyən dairələrə jestdir, ya da Rusiya diplomatiyasının regiondakı həssas məqamlara yetərincə diqqət etmədiyini göstərir. Hər iki halda, bu addım Azərbaycanda mənfi rezonans doğurması gözlənilən idi.
Belə addımlar isə Rusiyanın regionda balanslı vasitəçi imicinə zərbə vurur və tərəflər arasında etimad mühitini daha da zəiflədir.

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münaqişənin tam olaraq həll edilməsinə sevinmir: “Əksinə, bundan çox kədərlidir. Ümumiyyətlə, Rusiya istəyir ki, ermənilərlə azərbaycanlılar, eləcə də Ermənistanla Azərbaycan arasında daimi münaqişə vəziyyəti olsun. Bu da Rusiyaya ona görə lazımdır ki, Cənubi Qafqazda məhz bu münaqişəli vəziyyətdən sui-istifadə edib, öz təsir imkanlarını saxlasın. O baxımdan, Rusiya səfiri Zori Balayan kimi qatı cinayətkarın, Azərbaycan düşməninin dəfn mərasiminə qatılır və Azərbaycanın bir növ əsəbinə toxunmaq istəyir. Həmçinin bu yolla Azərbaycana qarşı olan ermənilərin yanında olduqlarını nümayiş etdirirlər, erməniləri qızışdırırlar. Amma bir şeyi unudurlar ki, Azərbaycan onların bu cür əməllərini çox görüb. Əlbəttə ki, Zori Balayan cinayətkar idi, beynəlxalq axtarışa verilmişdi. Rusiya dövləti və səfiri də bunu bilir. Əslində qalanda özünə hörmət edən bir dövlətin diplomatik təmsilçisi gedib orada iştirak etməməli idi. Etməklə tərəfini bəlli etdi”.

Siyasi şərhçi hesab edir ki, səfir bununla əslində cinayətkarın tərəfində olduqları mesajını vermiş oldu: “Əslində bu da azərbaycanlılar üçün yeni bir şey deyil, Rusiya daim Ermənistanda cinayətkarları dəstəkləyib. Rusiya heç vaxt dəyişməyəcək”.

Etibar Seyidağa,


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki