image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-65414d88-faa1-4cc9-b538-d43183496a5d_850

Revanşist qüvvələrə vacib mesaj

image-legitimaz-810x90

Revanşist qüvvələrə vacib mesaj.

Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi, xüsusilə Ermənistanda zaman-zaman baş qaldıran revanşist dairələrə qarşı açıq və qətiyyətli mesajdır. Bəyannamə ilə Türkiyə, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn istənilən təhlükə halında, ölkəmizin yanında hərbi-siyasi müttəfiq kimi dayanacağını bəyan etməklə, bölgədə müharibəyə təşəbbüs göstərə biləcək qüvvələri öncədən neytrallaşdıran preventiv siyasət xəttini ortaya qoymuşdur. Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti onun çoxşaxəli məzmununda və strateji müddəalarında əks olunur. Sənəd yalnız Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi təsbitini deyil, həm də regionda təhlükəsizlik, sabitlik və inteqrasiya meyillərinin təşviqini hədəfləyir. Siyasi, iqtisadi, enerji, müdafiə və diplomatik sahələrdə qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, iki ölkənin milli gücünün artmasına, beynəlxalq müstəvidə isə söz sahibi kimi nüfuzunun möhkəmlənməsinə zəmin yaradır. Bəyannamənin mühüm yeniliklərindən biri də informasiya və diaspor diplomatiyası sahəsində əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır. Azərbaycan və Türkiyənin xarici ölkələrdəki icmaları arasında koordinasiyanın artırılması, informasiya mübadiləsinin gücləndirilməsi və ortaq media platformalarının yaradılması, “yumşaq güc” konsepsiyası çərçivəsində təsir dairəsini genişləndirən mühüm vasitəyə çevrilmişdir. Bu istiqamətdə strateji əhəmiyyət daşıyan müddəalar, ölkələrin aidiyyəti qurumları arasında informasiya və kommunikasiya əməkdaşlığının genişləndirilməsini, təbliğat, diplomatiya və milli maraqların qorunması sahəsində sinxron fəaliyyətin qurulmasını nəzərdə tutur. Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il iyunun 15-də ənənəvi olaraq təşkil edilən beynəlxalq konfranslar sənədin təkcə diplomatik akt deyil, həm də siyasi doktrina kimi qəbul edildiyini sübut edir. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu tədbirlər — istər “Qafqaz və region üçün sülh və sabitlik mənbəyi” (2022), istər “Qurtuluşdan Zəfərə” (2023), istərsə də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” (2024), “Yeni dünya nizami: geosiyasi aspektlər və qlobal çağırışlar” (2025) mövzulu beynəlxalq forumlar — Şuşa Bəyannaməsinin ideoloji və siyasi əsaslarını canlı saxlamaqla yanaşı, Türk dünyasının inteqrasiyası üçün strateji baxış platformasına çevrilmişdir. Bu konfranslar, eyni zamanda Qafqazın gələcəyinə dair siyasi vizyonun və diplomatik mesajların beynəlxalq ictimaiyyətə çatdırılmasında effektiv tribuna rolunu oynayır. Şuşa Bəyannaməsi təkcə iki qardaş ölkə arasında münasibətlərin növbəti mərhələyə keçidini əks etdirməklə yanaşı, regionda yeni geosiyasi düzənin bünövrəsini qoymuş bir sənəddir. Bu sənədin imzalanması ilə Azərbaycan və Türkiyə arasında olan əlaqələr sadəcə tarixi və mənəvi yaxınlıqla deyil, artıq beynəlxalq hüquqi sənəd əsasında təsbit olunmuş strateji müttəfiqlik səviyyəsində inkişaf edir. Bəyannamə regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq modelinin əsas sütunlarından birinə çevrilmişdir. Şuşada imzalanmış bu tarixi Bəyannamə həm də Türk dünyasının gələcək inteqrasiyasına töhfə verən güclü mesajdır. Azərbaycan və Türkiyənin ortaq hədəflərə, milli maraqlara və strateji vizyona əsaslanan birgə addımları, yalnız iki dövlətin deyil, bütövlükdə bölgənin və türk coğrafiyasının gələcəyini formalaşdıran əsas amillərdən biri kimi çıxış edir. Şuşa Bəyannaməsi – tarixə yazılmış çağdaş müttəfiqliyin simvoludur.

 Rayon Ağsaqqallar şurasının üzvü-Babək Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki