Rəsmi İrəvanın törətdiyi müharibə cinayətləri
İşğaldan azad olunmuş Ağdam uzun illər boyu erməni vandalizminin ən acı izlərini üzərində daşıyan bir şəhərdir. Ermənistanın işğal dövründə burada həyata keçirdiyi məqsədyönlü dağıntılar təkcə fiziki məhv ilə məhdudlaşmamış, həm də xalqımızın tarixi-mədəni irsinə qarşı açıq hücum xarakteri daşıyırdı. Əsrlərin yaddaşı olan mədəni və dini abidələrimiz qəsdən dağıdılmış, məscidlərimiz təhqir olunmuş, tarixi tikililər isə ya yerlə-yeksan edilmiş, ya da talan edilərək içərisindəki qiymətli əşyalar qarət edilmişdir. Bu vandalizm aktları yalnız bir şəhəri deyil, bütövlükdə Azərbaycan xalqının milli kimliyini, mədəni dəyərlərini və tarixi irsini hədəfə almışdı. Ağdamın bu gün gördüyümüz xarabalıqları düşmənin məqsədyönlü şəkildə həyata keçirdiyi dağıdıcılığın canlı sübutudur. Şəhərin demək olar ki, tamamilə viran edilməsi və mədəni dəyərlərin məhv olunması göstərir ki, buradakı vəhşilik sıradan bir müharibə nəticəsi deyil, düşünülmüş və planlı şəkildə həyata keçirilmiş vandalizmdir.
Ağdamın işğaldan azad edilməsi ilə bu torpaqlar yenidən həyat tapmağa başlayıb. Lakin şəhərin hər daşı, hər dağıntısı uzun illər davam edən bu vəhşiliyin şahidi olaraq tarixə həkk olunmuşdur
Zülfiyyə Əhmədova – Zərdab şəhər 3 nömrəli tam orta ümumutəhsil məktəbinin direktoru



















