Ermənistanın Azərbaycan ərazilərinə qarşı apardığı uzunmüddətli təcavüz siyasəti beynəlxalq humanitar hüququn, xüsusilə də Cenevrə Konvensiyalarının tələblərinin sistemli şəkildə pozulması ilə müşayiət olunmuşdur. 1990-cı illərin əvvəllərində Qarabağ və ətraf rayonların işğalı zamanı Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı kütləvi zorakılıq törətmiş, Xocalı soyqırımı başda olmaqla yüzlərlə mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. İşğalın davam etdiyi illər ərzində yaşayış məntəqələri məqsədli şəkildə dağıdılmış, tarixi-dini abidələr vandalizmə məruz qalaraq təhqir edilmiş, kənd və şəhərlərin infrastrukturu tamamilə talan edilmişdir. Bu faktlar Rəsmi İrəvanın işğal siyasətinin yalnız hərbi deyil, həm də mədəni soyqırımı xüsusiyyətləri daşıdığını göstərir.
2020-ci il İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın mülki əhalini hədəf alması bu cinayətlərin davamlı xarakter daşıdığını bir daha təsdiqlədi. Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərin ballistik raketlərlə və kaset bombaları ilə atəşə tutulması nəticəsində onlarla uşaq, qadın və yaşlı insan həlak olmuş, yüzlərlə mülki şəxs yaralanmışdır. Bu hücumlar heç bir hərbi məqsəd daşımadığı üçün açıq şəkildə müharibə cinayəti sayılır. Beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalar da Ermənistanın beynəlxalq hüquqa uyğun olmayan silahlardan istifadə etdiyini təsdiq etmişdir.
Bütün bu faktlar Rəsmi İrəvanın uzun illər ərzində sistemli, ardıcıl və məqsədli şəkildə müharibə cinayətləri törətdiyini aşkar şəkildə ortaya qoyur. Azərbaycanın postmüharibə mərhələsində beynəlxalq məhkəmələrə müraciət etməsi, hüquqi sübutların toplanması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması bu cinayətlərin dünya səviyyəsində tanınması üçün strateji əhəmiyyət kəsb edir.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


















