Rəqəmsal inkişaf məsələsi bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək
“Rəqəmsal inkişaf cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Prezident cənab İlham Əliyevin liderliyi sayəsində ölkəmiz informasiya və rəqəmsal texnologiyalar istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilib. Məhz dövlət başçısının iradəsi və siyasi qətiyyəti nəticəsində son illər informasiya təhlükəsizliyinin təmin olunması və rəqəmsal inkişafın qorunması istiqamətində mühüm islahatlar həyata keçirilib. Fevralın 11-də cənab Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi dövlətin bu sahənin inkişafına göstərdiyi iradənin ifadəsidir. Müşavirədə dövlət başçısının dediyi kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Ona görə də, Azərbaycanın gələcəyi üçün bu istiqamət prioritetdir.
Qlobal çağırışlara cavab olaraq Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyaların tətbiq edilməsi, bu sahədə strateji baxış ortaya qoyması birbaşa Prezident cənab İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir. Xatırlatmaq lazımdır ki, dövlət başçısı ötən ilin mart ayında “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiqləyib. Sənəd ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədi daşıyır. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmaya ehtiyac var. Süni intellektin dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranıb. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı da dövlətimizin bu istiqaməti inkişaf hədəfi kimi seçdiyini bir daha sübut edir.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri






















