Real təhdidlər qarşısında qalmış suverenlik
Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
XX əsrin sonlarında müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının qarşısında yeni tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu.
Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması ilə bir araya sığmayan daxili və xarici siyasəti müstəqil dövlətçiliyə, onun sonrakı taleyinə ağır zərbələr vurdu. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü.Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.. Beləliklə, bu dövrdə ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Torpaqlarımız bir-birinin ardınca işğal edilir, xalqın sabaha olan ümidləri tamamilə puça çıxırdı. Gözəl guşələrimiz Şuşa, Laçın düşmənə təhvil verildi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.Bütün bu sadalananlar dövləti idarəetməkdə kifayət qədər təcrübəsi olmayan və xalqını sevməyən şəxslərin hakimiyyətdə olmasından irəli gəlirdi.
1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. , 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
1993-cü ilin ortalarında baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, şəxsi düşüncələrini və fikirlərini irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi bir dövr kimi səciyyələndirilə bilər.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru