image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-53edebc5159548837720991462910896948

Rayonun işğalı

image-legitimaz-810x90

Rayonun işğalı.

Beş il öncə müzəffər ordumuz Zəngilanın işğal tarixinin – 29 oktyabr 1993-cü ilin üstündən xətt çəkdi, yeni tarix – 20 oktyabr 2020-ci il Zəfər tarixini yazdı. Beləliklə, Zəngilan azadlığına qovuşdu. Ənənəyə sadiq qalaraq Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək qələbə xəbərini çatdırdı: “Əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram. Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir”! Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahiblərinə qaytarıldı. Düşmənlə son ana qədər mübarizə aparan Zəngilan işğal edilən sonuncu torpağımız  olsa da, 30 ilədək bir dövrdən sonra azad olunan ilk ərazilərimizdən oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, 20 oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Zəngilan işğal illərində yerlə-yeksan olunmuşdur. Ermənistanın faşist ordusu rayondakı tarixi abidələri, mədəniyyət ocaqlarını, məscid və qəbiristanlıqları, eləcə də yaşayış məntəqələrinin əksəriyyətini, sosial-iqtisadi infrastrukturları dağıdaraq vəhşi xislətini ortaya qoymuşdu. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” Dövlət Təbiət Qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühitə ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir. İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən də vacib əhəmiyyət kəsb edir. Rayon rəşadətli ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər baxımından önəmlidir. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Bundan başqa, Qubadlı istiqamətindən gələ biləcək erməni qüvvələrinin mühasirəyə salınması və qısa zamanda təmizlənməsi asanlaşıb. Ermənistanın işğalına davam etməsi üçün İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu əhəmiyyətli idi. Zəngilanın işğaldan azad edilməsi ilə bu yolun əsas hissəsi ordumuzun nəzarətinə keçdi, eyni zamanda, Qarabağ düyününün açılmasında həlledici oldu. Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması isə ordumuza vizual üstünlük qazandırıb, təhlükələri önləyib.

 

Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki