“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
25 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı rayonuna səfərləri çərçivəsində Xanlıq–Qubadlı avtomobil yolunun təməlini qoyublar. Prezident İlham Əliyev təməlqoyma mərasimində çıxış edərək qeyd edib ki, Qubadlıya və ətraf kəndlərə rahat gediş-gəlişi təmin edən yeni yolların çəkilməsi Böyük Qayıdışın əsas infrastruktur mərhələsidir. Bu layihə həm sakinlərin təhlükəsiz qayıdışına, həm də rayonun sosial-iqtisadi canlanmasına xidmət edəcək.Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonuna səfərləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər. Yeni inşa edilən hərbi hissə kompleksi dövlətimizin sərhədlərin təhlükəsizliyinin etibarlı şəkildə qorunması, müasir tələblərə cavab verən şəraitin yaradılması və xidmət edən hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin daha bir bariz nümunəsidir. Müasir standartlara uyğun inşa olunan hərbi hissədə xidməti və yaşayış binaları, təlim sahələri, texniki avadanlıqla təchiz edilmiş idarəetmə mərkəzi, eləcə də hərbçilərin istirahəti üçün nəzərdə tutulan sosial-məişət obyektləri yaradılıb. Kompleksin bütün infrastrukturu Dövlət Sərhəd Xidmətinin yüksək peşəkarlıqla fəaliyyət göstərməsinə və sərhəd təhlükəsizliyinin operativ idarə olunmasına imkan verir. Eyni zamanda, Qubadlı ərazisində yaradılan “Qubadlı” gömrük postu strateji və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Bu postun fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə qanunsuz daşınmaların qarşısı alınır, gömrük nəzarətinin tam tətbiqi təmin edilir. Həmçinin, dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.
Veteran müəllim Vəfadar Niftəliyev



















