Qubadlının yeni inkişaf tarixi başlanıb.
Qubadlının işğaldan azad olunması döyüş əməliyyatları baxımından xüsusi strateji əhəmiyyət daşıyırdı, çünki bu uğur Azərbaycan Ordusuna həm Laçın istiqamətində irəliləməyə, həm də Şuşa əməliyyatının başlanmasına imkan yaratdı. Qubadlı uğrunda gedən döyüşlər ordumuzun peşəkarlığının, əsgərlərimizin igidliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin təntənəsi idi. Müharibədən sonra dövlət başçısının rəhbərliyi ilə Qubadlı rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Prezident cənab İlham Əliyev bu bölgənin gələcəyini, iqtisadi və sosial inkişafını prioritet istiqamət kimi müəyyənləşdirdi. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Bu sərəncam Zəngəzur bölgəsində müasir nəqliyyat infrastrukturunun yaradılması, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu yol həm də Zəngəzur dəhlizinin inkişafında, Qarabağ və Şərqi Zəngəzurun inteqrasiya prosesində mühüm həlqə rolunu oynayır. Qubadlıda bərpa prosesləri təkcə infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Burada həyatın bütün sahələri — təhsil, səhiyyə, sosial xidmət, mədəniyyət və yaşayış mühiti yenidən formalaşdırılır. 2023-cü il 4 may tarixində Prezident cənabİlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinə səfər edərək bir sıra mühüm layihələrin təməlqoyma mərasimlərində iştirak etdilər. Həmin gün Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 yataqlı Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyuldu. Bu layihələr həm azad olunmuş ərazilərin bərpasına dövlətin strateji yanaşmasının, həm də Böyük Qayıdış prosesinin praktiki təzahürüdür.Prezidentin səfərləri hər dəfə Qubadlının yenidən dirçəlişinin yeni mərhələsinə start verir. Qubadlıda həyata keçirilən tikinti və bərpa işləri burada müasir şəhərsalma prinsiplərinin tətbiqinə əsaslanır. Yeni binalar, yaşayış kompleksləri, inzibati və ictimai obyektlər ən son texnologiyalara uyğun inşa edilir. Bütün bu layihələrin əsas məqsədi vətəndaşların öz doğma yurdlarına rahat, təhlükəsiz və firavan şəkildə qayıdışını təmin etməkdir. “Qubadlı” gömrük postunun fəaliyyətə başlaması da bölgənin iqtisadi inkişafına əlavə təkan verib. Bu, həm sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionda ticarət dövriyyəsinin artmasına xidmət edir.
Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.


















