Qubadlının yeni inkişaf tarixi başlanıb.
Qubadlı Azərbaycanın ən qədim və gözəl bölgələrindən biridir. Bu torpağın hər qarışı tarix, mədəniyyət və qəhrəmanlıqla doludur. Qubadlı həm təbiətinin gözəlliyi, həm də mərd, vətənpərvər övladları ilə həmişə fərqlənib. 2020-ci ildə ölkəmizin əldə etdiyi Zəfərdən sonra Qubadlının taleyində yeni bir səhifə açıldı. Bu səhifə bərpa, dirçəliş və yenidənqurma dövrünün başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Qubadlı şəhəri də bu böyük prosesin ayrılmaz bir hissəsidir. Bu gün burada yeni yollar çəkilir, müasir yaşayış binaları inşa olunur, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və sosial obyektlər tikilir. Hər bir layihə Qubadlının sabahına, onun gələcək nəsillərinə hesablanıb. Qubadlıda həyata keçirilən yenidənqurma tədbirləri təkcə infrastrukturun bərpası deyil, həm də insanların ruhunun, doğma yurda inamının bərpasıdır. Artıq bir çox ailələr öz doğma yurdlarına qayıdır, evlərinin bünövrəsini qoyur, həyətlərinə ağac əkir, torpağına həyat nəfəsi gətirir. Bu, əsl qayıdışın, dirçəlişin simvoludur. Qubadlının Baş Planı əsasında şəhərin müasir tələblərə uyğun şəkildə salınması bölgənin iqtisadi, sosial və mədəni inkişafını təmin edəcək. Yeni yollar və kommunikasiya xətləri rayonun bütün kəndlərini bir-birinə bağlayır, bu da həm turizmin, həm kənd təsərrüfatının, həm də sənayenin inkişafı üçün yeni imkanlar yaradır. Bu gün Qubadlıda baş verənlər yalnız bir rayonun deyil, bütövlükdə Azərbaycanın gücünün, iradəsinin və gələcəyə inamının göstəricisidir. Azad torpaqlarda qurulan hər bina, açılan hər məktəb, əkilən hər ağac Vətən sevgisinin, birliyin və xalqın yenilməzliyinin təcəssümüdür. Qubadlı şəhərinin yenidən doğuluşu bizim üçün təkcə fiziki quruculuq deyil, həm də mənəvi yüksəlişdir. Hər bir azərbaycanlı bu torpaqlarda aparılan işlərə qürurla baxır və gələcək nəsillərin burada firavan yaşamasını arzulayır. Bu gün biz tam əminliklə deyə bilərik ki, Qubadlının yeni inkişaf tarixi başlanıb. Bu tarix zəfərlə, zəhmətlə və böyük Vətən sevgisi ilə yazılır.
Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbin müəllimi Ağayeva Rüxsanə Maarif qızı



















