image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1212

Qubadlının yeni inkişaf tarixi başlanıb

image-legitimaz-810x90

Qubadlının yeni inkişaf tarixi başlanıb

Azərbaycan Respublikasının hər bir bölgəsi öz tarixi, mədəni irsi və qəhrəmanlıq ənənələri ilə fərqlənir. Qarabağ yaylasının cənub-şərqində, ölkəmizin cənub-qərb hissəsində yerləşən Qubadlı rayonu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Strateji-coğrafi mövqeyi, zəngin təbii sərvətləri və fədakar insanları ilə seçilən Qubadlı əsrlər boyu Azərbaycanın iqtisadi, sosial və mədəni həyatında mühüm yer tutmuşdur. Zəngin torpaqları və bərəkətli təbiəti ilə tanınan bu diyar işğala qədər kənd təsərrüfatı məhsullarının – taxıl, üzüm, tütün və bostan bitkilərinin becərilməsi, eləcə də heyvandarlığın inkişafı ilə fərqlənirdi. Rayon əhalisi zəhmətsevərliyi və doğma torpağa bağlılığı ilə seçilirdi. 1993-cü il avqustun 31-də Ermənistanın hücumu nəticəsində Qubadlı rayonu işğal olundu. Bu hadisə bölgənin tarixində ən faciəli səhifələrdən biri kimi yadda qaldı. İşğal nəticəsində minilliklər boyu formalaşmış mədəni irs dağıdıldı, yaşayış məntəqələri viran qoyuldu, iqtisadi və sosial infrastruktur tamamilə məhv edildi. Rəsmi İrəvanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də Cenevrə Konvensiyalarına zidd olaraq, Azərbaycanın tarixi ərazilərində etnik tərkibi süni şəkildə dəyişdirməyə yönəlmişdi. Qubadlı sakinləri doğma yurdlarından didərgin salınsa da, öz torpaqlarına qayıdacaqları günə olan inamlarını heç vaxt itirmədilər.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi xalqımızın şanlı Qələbəsi ilə nəticələndi. Müharibənin gedişatında Qubadlı istiqamətində gedən döyüşlər xüsusi strateji əhəmiyyətə malik idi. 2020-ci il oktyabrın 25-də qəhrəman Azərbaycan Ordusu Qubadlı şəhərini və bir sıra kəndləri işğaldan azad etdi. Bu hadisə həm hərbi əməliyyatların gedişində dönüş nöqtələrindən biri oldu, həm də Qubadlı sakinlərinin 27 illik həsrətinə son qoydu. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda mühüm mərhələ idi.

Qubadlının işğaldan azad olunması ilə bölgənin yeni inkişaf dövrü başlandı. Dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Qubadlıda da həyat yenidən canlanıb. Bu gün Qubadlı rayonu sürətli inkişaf mərhələsini yaşayır. Tarixi torpaqlarımıza Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin mərhələli şəkildə köçürülməsi həyata keçirilir. Əhalinin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılır, infrastruktur sistemləri, nəqliyyat və enerji xətləri müasir standartlara uyğun şəkildə qurulur. Qubadlıda aparılan bərpa və tikinti işləri Azərbaycanın gücünü, iqtisadi potensialını və gələcəyə inamını ifadə edir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki