Qubadlı təbiəti, torpaq ehtiyatları və yeraltı sərvətləri ilə də seçilir
25 oktyabr tarixi dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Həmin gün 44 günlük Vətən müharibəsinin ən yaddaqalan səhifələrindən birini – Qubadlının işğaldan azad edildiyi tarixi anı ifadə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlıya öz sahibləri qayıdıb: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu fikirlər şanlı Qələbənin həm mənəvi, həm də strateji əhəmiyyətini dərin şəkildə ifadə edir.
Qubadlı rayonu ölkənin cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr ərazini əhatə edən rayonun səthi əsasən dağlıq relyefə malikdir. Qərbdə Ermənistan, şimalda Laçın və Xocavənd, şərqdə Cəbrayıl, cənubda isə Zəngilan rayonları ilə həmsərhəddir. Rayonun ərazisindən Həkəri və Bərgüşad çayları axır, kəndlərin böyük hissəsi bu çayların ətrafında yerləşir.
Qubadlı təbiəti, torpaq ehtiyatları və yeraltı sərvətləri ilə də seçilir. Burada mərmərləşmiş əhəng daşı, mişar daşı, tuf, qum-gil, əqiq və yəşəm kimi yataqlar mövcuddur. Bu zəngin təbii resurslar rayonun gələcək iqtisadi inkişafı üçün mühüm baza yaradır.
1988-ci ildən etibarən Qubadlı rayonu Ermənistan silahlı qüvvələrinin təxribatlarına məruz qalmış, 1993-cü il avqustun 31-də tamamilə işğal olunmuşdur. İşğal illərində rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, yüzlərlə sosial, mədəniyyət və dini obyekt məhv edilmiş, 30 minə yaxın sakin məcburi köçkünə çevrilmişdir.
İşğal dövründə Qubadlıda qanunsuz məskunlaşma siyasəti həyata keçirilmiş, xaricdən gətirilən ermənilər burada yerləşdirilmiş, Xanlıq kəndində onlar üçün yeni qəsəbə salınmışdı. Bu addımlar beynəlxalq hüququn, xüsusilə də Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi.
44 günlük Vətən müharibəsi həm də Qubadlı torpaqlarının azadlığı ilə yadda qalmışdır. Qubadlının strateji mövqeyi əməliyyatı çətinləşdirmişdir. Şəhər ətrafında düşmən tərəfindən güclü istehkamlar qurulmuş, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirilmişdir. Azərbaycan Ordusu bu çətinliklərə baxmayaraq, böyük peşəkarlıq və fədakarlıq nümayiş etdirərək əvvəlcə mühüm yüksəklikləri, ardınca isə Xanlıq, Padar, Sarıyataq kimi kəndləri azad etmişdir.
Nailə Əliyeva – Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri


















