image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-9d1c03599cad3eac39e73026156a71c0

Qətl törətmək niyə azərbaycanlılara tapşırılıb?

image-legitimaz-810x90

Bu günlərdə Kiyevdə idim. Ukrayna paytaxtında olduğum müddətdə – 10 iyulda Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin qətlə yetirildiyi barədə xəbər yayıldı və sifarişin yalnız Rusiya xüsusi xidmət orqanından-FTX-dən gəldiyi barədə ilk andan fikirlər səsləndi. Qətlin icraçısı və ya icraçıları barədə isə konkret informasiyalar demək olar ki, yox idi. Bakıya qayıdanın ertəsi günü – 14 iyulda qətlin icraçılarının azərbaycanlılar olduğu və həm də Azərbaycan vətəndaşları olduqları barədə məlumatları eşidəndə həqiqətən şok yaşadım. Ukraynada Azərbaycan adı gələndə necə xoş münasibət göstərildiyini, söhbət etdiyim hərbi, siyasi ekspertlərdən tutmuş, sıravi ukraynalılara qədər hər kəsin necə hörmət və ehtiramla danışdıqlarını eşidib qürur hissi yaşayırdım. Birdən.., belə bir xəbərin yayılmasından, yəqin ki, yalnız mən deyil, bütün Azərbaycan çox pis olub, çünki xalq və dövlət olaraq ilk gündən Ukrayna torpaqlarının işğalını pisləmiş, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmiş, humanitar köməyimizi əsirgəməmişik.

resizer.jpg (60 KB)

Amma, qısa müddətdə məsələnin mahiyyətini təhlil edərkən vaxtilə Minskdə oxuduğum zaman öyrədilən bir sıra əməliyyat planlarını xatırladım. Məsələn, istər iki fərd arasında, istər təşkilatlar arasında, istərsə də dövlətlər arasında münasibətləri korlamaq, hətta düşmənçilik səviyyəsinə çatdırmaq zərurəti yarananda, birbaşa öz əlinlə deyil, tərəflərin birinin vasitəsilə qarşı tərəfin maraqlarının əleyhinə işlər görülməlidi. Bu proses dezinformasiyadan başlayıb, xəyanət təsiri bağışlayan hərəkətlərlə, ölüm hadisəsinə qədər müxtəlif variantlarla müşahidə olunur. Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətləri, Ukraynaya göstərilən humanitar yardımlar Rusiya tərəfindən daim qısqanclıqla qarşılanıb. Rusiya siyasi icmalçılarının, Duma deputatlarının bu istiqamətdə Azərbaycanı hədəfə alan çıxışları hər zaman olub və bu günlər də kəskin xarakter aldığının şahidiyik. Bu dostluğu pozmaq, iki ölkə arasında münasibətləri korlamaq artıq Rusiya siyasətinin xüsusi diqqət yetirdiyi istiqamətə çevrilib. Məhz bu baxımdan da, Ukrayna zabitinin qətlə yetirilməsi azərbaycanlı cütlüyə tapşırılır.

Dünya xüsusi xidmət orqanlarında, o cümlədən Rusiya FTX-da da “xüsusi dövr üçün agentlər” kateqoriyası var. Onlara “yatmış agentlər”, “gözləmə rejimində olan agentlər”də deyirlər. Bu kateqoriyada yalnız qətl törədənlər deyil, eyni zamanda ideoloji, siyasi, hərbi, iqtisadi sahələr üzrə fəaliyyət göstərmək üçün də agentlər yetişdirilir, təlimatlar verilir.

1752540935_1752403560_screenshot.jpg (88 KB)

Ermənistan parlamentində 1999-cu ildə qətl törədən erməni Rostovda yaşayırdı. Bir həftə əvvəl İrəvana gəlir və məlum tapşırığı yerinə yetirir. Kim nə deyir desin, bu gün də gəldiyim qənaət odur ki, 2009-cu ilin aprelində Rusiyadan təzəcə gəlib Neft Akademiyasında qətliam törədən şəxs də bu qəbildən olanlardan biri olub.

Ukrayna zabiti Voroniçi qətlə yetirən azərbaycanlı Gülalızadə kriminal mafioz dairəyə məxsus olub və belələri, adətən FTX-nın diqqətindən yayınmır, perspektiv cinayət xarakterli tapşırıqlar üçün cəlb olunurlar. Bu agentlər özləri bilməsə də, çox zaman birdəfəlik istifadə olunanlara aiddirlər. Tapşırıq yerinə yetirərkən onların öldürülməsi orqan üçün təbii qəbul olunur və belə nəticədən məmnun qalırlar. Diqqət edək, Gülalızadə ilk dəfə fevral ayında Ukraynaya keçmək istəyir. Bu o vaxt idi ki, AZAL təyyarəsi vurulmuşdu və Rusiya ilə Azərbaycan arasında gərginlik davam edirdi. Sərhədi keçə bilməyəndə, özü xarakterdə olan (hər ikisinin kriminal keçmişi barədə məlumatlar var) arvadı Nərmini də FTX bu işə cəlb edir və qadın may ayında Ukraynaya gəlir, ardınca əri də qanunsuz olaraq Ukrayna ərazisinə keçə bilir. Oxucuların diqqətinə çatdıraq ki, sərhədi keçən belələri özü ilə silah aparmır. Silah “taynik” olaraq ölkə içərisində olan agentləri tərəfindən bir yerdə gizlədilir və o yer haqqında onlara məlumat verilir ki, götürə bilsinlər.

1752540839_screenshot_13.jpg (82 KB)

Bu agentlərlə yalnız bir əməliyyat işçisi əlaqə saxlayır və ondan başqa heç kimin üzünü görmürlər, kimliyini bilmirlər ( Krokus qətliamında olduğu kimi). Vəd olunan maddi vəsaitin bir hissəsi karta köçürülür və tapşırıq yerinə yetiriləndən sonra qalan hissəsinin də həll olunacağına söz verilir. Ölkədən çıxmalarına guya yardım ediləcəyi barədə də yalan vəd verilir, amma əksinə çalışırlar ki, belələri məhv edilsin. Bu şəxslərin sağ olaraq ələ keçirilməsi mümkün olsaydı da, yalnız bir nəfərin əlaqədə olduğundan başqa əlavə heç kimi tanımadıqlarını etiraf edəcəkdilər. Bəzən sual edirlər ki, icraçılar ələ keçirilsəydi, bəlkə başqalarına da çıxmaq olardı. Qeyd etdiyimiz kimi, bu tip qətl törədənlər yalnız üzünü görmədikləri, telefon əlaqəsində olduqları şəxsdən başqa heç kəsi tanımırlar. Perspektiv məhkəmə isə Ukrayna cəmiyyəti arasında az da olsa azərbaycanlılara qarşı aqressiya yarada bilərdi. Bu cür sonluq bizim də maraqlarımıza uyğundur.

Bu cür qətllər Ukrayna müharibəsi getdiyi müddətdə nə birincidir, nə də axırıncı. Sadəcə, Rusiyada yaşayan azərbaycanlılar bilsin ki, maddi həvəsləndirməyə uyub Ukraynaya qarşı hər hansı bir təxribata əl atmağın aqibəti həyatla vidalaşmaq deməkdir. Azərbaycanla Ukraynanın dostluğunu belə hadisələr poza bilməz. Sabah ukraynalıların, Ukrayna vətəndaşlarının da əli ilə azərbaycanlılara qarşı ölümlə nəticələnən təxribatların baş verməsi mümkündür. O zaman belə bir fikir formalaşmasın ki, Ukrayna bizə düşmənçilik edir. Bu qətlin planının harada cızıldığı, nə məqsəd güddüyü artıq hər kəsə məlumdur.

Xüsusi olaraq Musavat.com üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki