Qələbə hərbi-siyasi yollarla təmin edildi
27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olunmuşdur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu və xalqı tam Qələbə qazanmışdır.
Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Baxmayaraq ki, mənfur düşmənin əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, düşmən ordusu geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur.
Azərbaycan Qələbəni döyüş meydanında qazandı. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı.
Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Xalqımızı 44 günlük Vətən müharibəsindəki tarixi qələbəyə gətirən böyük və şərəfli yolda, torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin illər boyu səbirlə, təmkinlə, məqsədyönlü şəkildə apardığı müstəqil xarici siyasət kursunun misilsiz rolu oldu. Bu kurs böyük Zəfərimizdən sonra da davam edir və Azərbaycanın bu qələbə ilə regionda yaratdığı geopolitik reallıqların beynəlxalq aləmdə qəbul olunmasında, haqlı mövqeyimizin dəstəklənməsində, Cənubi Qafqazın gələcəyi üçün yeni perspektivlərin açılmasında çox mühüm əhəmiyyət kəsb etməsi danılmazdır. Dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasətin nailiyyətləri sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti həyata keçirdiyi düşünülmüş siyasətlə beynəlxalq aləmdə zəngin potensiala malik ölkə kimi nüfuz qazanıb. Artıq müstəqil xarici siyasət milli ideologiyamızın mühüm prioritetidir və ölkəmiz aparılan islahatlarda bu prioriteti daim nəzərə alır.
Zərdab rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Əvəz Soltanov