Qazaxıstan inkişaf edir və güclənir
Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
2025-ci ilin oktyabrında Astanada baş tutan görüş Azərbaycan–Qazaxıstan münasibətlərinin təkamülündə yeni mərhələni müəyyənləşdirdi. Prezident cənab İlham Əliyevin “Qazaxıstan inkişaf edir və güclənir” fikri bu əməkdaşlığın gələcəyə inamlı baxışını əks etdirir. Bu gün iki ölkə arasındakı əlaqələr artıq sadəcə diplomatik münasibətlər çərçivəsində deyil, ortaq strateji baxış, iqtisadi inteqrasiya və qardaşlıq ruhu üzərində qurulmuş real müttəfiqlik modelinə çevrilmişdir. 2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanat vermiş və Azərbaycan-Qazaxıstan Ali Dövlətlər arası Şurasının ikinci iclasında çıxış etmişdir.
Prezident cənab İlham Əliyev çıxışında vurğulamışdır ki, Qazaxıstan inkişaf edir və güclənir. O qeyd etmişdir ki, Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda həyata keçirilən islahatlar, modernləşdirilmə və süni intellektin inkişafı sahəsində aparılan işlər ölkənin tərəqqi yolunda inamla irəlilədiyini göstərir.
Həmçinin Prezident bildirib ki, Qazaxıstan beynəlxalq aləmdə etibarlı tərəfdaş və yaxşı dost olaraq tanınır. Azərbaycan-Qazaxıstan münasibətləri, xüsusilə Azərbaycanın işğal dövründə beynəlxalq platformalarda dəstəklənməsi və Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi prinsiplərə uyğun həllinə göstərilən kömək bu qardaşlığın nümunəsidir.
Prezident cənab İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması məsələsinə də toxunmuşdur. O qeyd etmişdir ki, Azərbaycanın həyata keçirdiyi ilk tranzit əməliyyatı – Qazaxıstanın Ermənistana taxıl yükünün çatdırılması – sülh prosesinin yalnız kağız üzərində deyil, praktikada da gerçəkləşdiyinin göstəricisidir.
Dövlət başçısı həmçinin vurğulamışdır ki, Azərbaycan və Qazaxıstan xalqları çoxəsrlik mənəvi və mədəni köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri ilə birləşir. Son illərdə aparılan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasında münasibətlərin intensiv xarakter daşıdığını, sahə nazirlikləri və dövlət qurumları səviyyəsində fəaliyyətin səmərəli və nəticəyə yönəldiyini göstərir.
Ali Dövlətlərarası Şura iclası çərçivəsində müzakirə olunan məsələlər, gələcək əməkdaşlıq planları və qarşılıqlı fəaliyyətin daha da intensivləşdirilməsi ilə bağlı tapşırıqlar Prezident cənab İlham Əliyev tərəfindən xüsusi diqqət altında saxlanılır.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

























