Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır.
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. Bu iclas ölkəmizin Şərqlə Qərb arasında etibarlı körpü rolunu bir daha təsdiqləyir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində toplantıların iştirakçılarının hər il artan say tərkibinə diqqət yetirdikdə tədbirin əhəmiyyəti, burada müzakirə olunan məsələlərin aktuallığı, birgə səylərin göstərilməsində tərəflərin marağı özünü aydın şəkildə nümayiş etdirir. Belə ki, toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalarla davam etdi. Ölkəmizin başçısı çıxışında vurğulayıb ki, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik «Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi». Eyni zamanda, ölkəmiz yaşıl enerji sahəsində də ciddi hədəflərə çatmaq üçün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm təşəbbüslər həyata keçirir. Ona görə də bu gün «Yaşıl enerji» mənbələrindən əldə edilən elektrik enerjisinin ixracı Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrinin miqyasının genişləndirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Məhz buna görə də 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bu mənbələrin payının 30 faizə çatdırılması əsas vəzifə irəli sürülüb.
Bir daha aydın görünür ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın «Yaşıl enerji» imkanlarının maksimum səviyyədə genişləndrilməsi ölkəmizə əhəmiyyətli dərəcədə iqtisadi dividendlər gətircəkdir. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi, « Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat gücündə obyektin açılışı olub. Layihə «ACWA Power» tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə «Masdar» şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olundu.
Veteran müəllim Vəfadar Niftəliyev




















