Qarşılıqlı səfərlər strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsində əsas rol oynayır
İlham Əliyevin xarici ölkələrə həyata keçirdiyi rəsmi səfərlər, səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişlənməsinə, siyasi və iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir. Son dövrlərdə dövlət başçısının xarici səfərləri intensivliyi və məzmun zənginliyi ilə seçilir. Yaxın günlərdə Serbiya Respublikasına baş tutan səfər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər yalnız diplomatik münasibətlərin növbəti mərhələsi deyil, eyni zamanda qarşılıqlı etimada və ortaq maraqlara söykənən strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir.
Səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında uzunmüddətli və dayanıqlı iqtisadi əməkdaşlığın formalaşdırılmasına yönəlib. Xüsusilə sənaye, energetika və müdafiə sahələrində əməkdaşlıq imkanlarının genişlənməsi perspektiv əlaqələrin praktik əhəmiyyətini artırır. Serbiyanın müdafiə sənayesi və hərbi texnika istehsalı sahəsindəki təcrübəsi də qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Rəsmi qarşılanma və verilən bəyanatlar da münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Serbiya Prezidenti Aleksandar Vuçiç səfərin iki xalq arasında əməkdaşlıq və rifah üçün yeni imkanlar açdığını, ortaq baxış və dəyərlərin bir daha təsdiqləndiyini vurğulayıb. Bu cür yanaşma Azərbaycanın və onun rəhbərliyinin beynəlxalq nüfuzunun artdığını göstərən mühüm göstərici kimi dəyərləndirilir.
Qarşılıqlı səfərlər strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsində əsas rol oynayır. Azərbaycan və Serbiya beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq dövlətlərin suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiyini bəyan edir. Bu mövqe həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli platformalarda özünü aydın şəkildə göstərir.
Belqradda keçirilən Strateji Tərəfdaşlıq Şurasının ilk iclası çərçivəsində energetika, investisiya, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Tərəflərin gələcəyə hesablanmış konkret fəaliyyət planlarının mövcud olduğu, birgə sərmayə layihələrinin həyata keçirilməsi və yeni iqtisadi imkanlardan istifadə niyyəti ifadə edilib.
Bununla yanaşı, energetika sektorunda birgə layihələrin icrası, elektrik stansiyalarının tikintisi, yenidən qurulması və reabilitasiyası kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi də prioritet istiqamətlər sırasında göstərilir. Ümumilikdə, Azərbaycan–Serbiya münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fayda prinsipi üzrə bundan sonra da inkişaf edəcəyi vurğulanır.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü




















