Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi
Qazaxıstanın beynəlxalq arenadakı nüfuzu da artmaqdadır. Ölkə BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi qurumlarda fəal iştirak edir, sülh və əməkdaşlıq təşəbbüslərinin irəliləməsinə mühüm töhfə verir. Azərbaycanın bu istiqamətdəki siyasəti ilə Qazaxıstanın mövqeləri üst-üstə düşür və bu, iki dövlət arasında diplomatik koordinasiyanın yüksək səviyyədə olduğunu göstərir. Cənab İlham Əliyevin Astanaya səfəri məhz bu koordinasiyanın yeni mərhələyə keçməsini təsdiqləmişdir.
Mədəni-humanitar əlaqələr də Qazaxıstanın inkişaf prosesinin vacib istiqamətlərindəndir. Təhsil, elm və gənclər siyasəti sahəsində həyata keçirilən islahatlar ölkənin gələcək intellektual potensialını gücləndirir. Azərbaycan bu sahədə təcrübə mübadiləsi aparmaqla Qazaxıstanın elmi-texnoloji tərəqqisinə dəstək verir. Eyni zamanda, hər iki dövlət türk dünyasının ortaq mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Nəticə etibarilə, Qazaxıstanın inkişafı və güclənməsi təkcə daxili siyasətin uğuru deyil, həm də regional əməkdaşlığın nümunəsidir.
Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi, iki qardaş ölkə arasında dərin tarixi, mədəni və strateji münasibətlərin bariz göstəricisidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində Qazaxıstanın nümayiş etdirdiyi siyasi və iqtisadi həmrəylik xüsusi önəm daşıyır. Qazaxıstan hökuməti ilk günlərdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, sonrakı mərhələdə isə Qarabağın sosial-iqtisadi inkişafına yönələn layihələrdə fəal iştirak etməyə başlamışdır. Bu çərçivədə Qazaxıstan tərəfindən Füzuli və Ağdam rayonlarında məktəb, mədəniyyət evi və digər sosial obyektlərin inşası həyata keçirilir. Qazaxıstanın dövlət və özəl sektoru Qarabağın bərpası prosesində iştirak etməklə təkcə maddi deyil, həm də mənəvi dəstəyini nümayiş etdirir.
Dostluq və qardaşlıq əlaqələrinin rəmzi olan Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib. Qazaxıstanın bu dəstəyi Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının birliyinin və həmrəyliyinin praktiki təzahürü kimi dəyərləndirilir. Qarabağda həyata keçirilən birgə layihələr həm regional iqtisadi inteqrasiyanı gücləndirir, həm də türk dövlətləri arasında humanitar əməkdaşlığın yeni səhifəsini açır. Qazaxıstanın yardımı, Qarabağın bərpası ilə yanaşı, bölgədə uzunmüddətli sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Bununla yanaşı, iki ölkə arasında təhsil, mədəniyyət və sosial sahələrdə əlaqələrin genişlənməsi xalqlar arasında qarşılıqlı etimadı və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Qazaxıstanın Qarabağın dirçəlişinə verdiyi töhfələr yalnız iqtisadi layihələrlə məhdudlaşmır, bu dəstək həm də mənəvi həmrəyliyin, türk birliyinin və ortaq dəyərlərin qorunmasının təcəssümüdür.
Nəticə etibarilə, Qarabağın dirçəlişində Qazaxıstanın rolu Azərbaycan-Qazaxıstan münasibətlərini daha yüksək səviyyəyə qaldırmış, iki ölkənin strateji tərəfdaşlığını möhkəmləndirmiş və regionda yeni əməkdaşlıq modelinin formalaşmasına şərait yaratmışdır. Bu həmrəylik gələcəkdə də Qarabağın bərpası və Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində mühüm təməl olacaqdır.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

























