Qarabağ Universitetinin yaradılması
Prezident cənab İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı əsasında Qarabağ Universitetinin yaradılması hadisəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi qələbələrin təntənəsi olmaqla, bütövlükdə Azərbaycanın təhsil sahəsindəki mühüm nailiyyəti hesab edilir. Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə həmin ali təhsil müəssisəsinin qurulması bölgənin bərpa və inkişafına töhfə vermək üçün təhsilin gücündən istifadəyə əsaslanan önəmli institusional addımlardan biri olaraq dəyərləndirilir.
Ötən il Qarabağ Universiteti üçün bir sıra yaddaqalan hadisələrlə zəngin oldu. Həmin hadisələri şərti olaraq iki dövrdə qruplaşdırmaq olar: birincisi, Qarabağ Universitetinin qurulması və ilk tədris ilinə hazırlığı, ikincisi isə bu ali təhsil müəssisəsinin açılışı və ilk tədris semestri dövrüdür. Dövlətimizin yüksək diqqət və qayğısı sayəsində bu dövrlərdə görülən işlər uğurla nəticələnib. Hər iki dövrdə həyata keçirilmiş fəaliyyətlər, əldə edilmiş nailiyyətlər və qarşıya qoyulmuş strateji vəzifələr Qarabağ Universitetinin potensialının gücləndirilməsinə, milli və beynəlxalq ali təhsil məkanında tanıdılmasına və nüfuzunun artırılmasına xidmət edir.
Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri ilə töhfələr verib. Bu baxımdan Qarabağ Universitetinin yaradılması ilə bu ənənələrimiz yenidən bərpa ediləcək. Yenidən dağıdılmış, Ermənistan tərəfindən az qala məhv edilmiş irsimiz çiçəklənəcək. Biz həm də ölkə rəhbərliyi, Prezident cənab İlham Əliyev tərəfindən Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı, intellektual potensialımızın bərpa məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq. Bərpa və quruculuq təkcə gözəl binaların, gözəl infrastruktur sisteminin, yolların, körpülərin, tunellərin tikilməsindən ibarət deyil. Eyni zamanda biz insan kapitalımızın əvvəl mövcud olan potensialının yenidən bərpasını hədəfləyirik və bunu həyata keçiririk.
Ən böyük vəzifə isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsidir. Axı bizə zəfərimizi qazandıran məhz bu tərbiyə idi. Bəli, güclü olmaq, vətənpərvər amallara köklənmək son dərəcə vacibdir və bu köklənişdə tarix amili müstəsna əhəmiyyətə malikdir. Nəzərə alaq ki, tariximiz, eyni zamanda, ibrət mənbəyimizdir.
Qarabağ Universitetinin yaradılması haqqında dövlət başçımızın sərəncam imzalaması regionda təhsil ənənələrimizin dirçəldilməsinə və humanitar sahənin inkişafına mühüm töhfə verəcək. Əlbəttə, bu universitet Şuşada da, Ağdamda da, Laçında da və eləcə də işğaldan azad edilmiş digər şəhərlərimizdə də yaradıla bilərdi. Ancaq Xankəndi Qarabağ Universiteti üçün ən ideal seçimdir. Suverenliyimizin bərpası uğrunda mübarizəmizin sonuncu nöqtəsinin qoyulduğu şəhərdə universitetin yaradılması strateji addımdır. Bu addım suverenliyimizi daha da möhkəmləndirəcək.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva