image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1674158686_423763

Qanlı Yanvar qırğını

image-legitimaz-810x90

Qanlı Yanvar qırğını

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Məhz həmin dövrdən etibarən erməni millətçilərinin açıq-aşkar ərazi iddiaları, separatçı çağırışları və zorakı hərəkətləri regionda gərginliyi sürətlə artırmışdı. Bu proseslər fonunda Sovet İttifaqı rəhbərliyinin qərəzli və laqeyd mövqeyi vəziyyəti daha da ağırlaşdırmış, nəticədə Azərbaycan xalqına qarşı tarixə Qanlı Yanvar kimi düşən dəhşətli cinayət törədilmişdir.

1988–1989-cu illərdə Ermənistandan yüz minlərlə azərbaycanlı zorakılıqla qovulmuş, onların evləri talan edilmiş, tarixi-mədəni irsi məhv edilmişdir. Dağlıq Qarabağda isə erməni separatçıları Sovet rəhbərliyinin himayəsi altında qanunsuz addımlar ataraq bölgənin Azərbaycandan qoparılmasına çalışırdılar. Azərbaycan xalqı bu ədalətsizliyə qarşı etiraz səsini ucaltdıqda isə mərkəzi hakimiyyət problemi dinc və siyasi yollarla həll etmək əvəzinə, güc tətbiq etmək yolunu seçdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına yeridilməsi insanlıq əleyhinə ağır cinayət idi. Hərbi vəziyyət elan edilmədən, dinc əhaliyə xəbərdarlıq olunmadan şəhərə daxil olan qoşun hissələri tanklardan, zirehli texnikadan və ağır silahlardan istifadə edərək mülki insanlara atəş açmışdır. Qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirilmiş, yaralananlara tibbi yardım göstərilməsinə maneələr yaradılmışdır. Rəsmi məlumatlara görə, Qanlı Yanvar hadisələri nəticəsində 130-dan çox insan həlak olmuş, yüzlərlə insan yaralanmış, yüzlərlə şəxs qanunsuz olaraq həbs edilmişdir. Lakin şahid ifadələri və müstəqil araşdırmalar qurbanların sayının daha çox olduğunu göstərir. Bu faktlar bir daha sübut edir ki, 20 Yanvar faciəsi planlı şəkildə həyata keçirilmiş dövlət terroru aktı idi. Sovet rəhbərliyi bu qanlı əməliyyatı guya “ictimai asayişin bərpası” adı altında əsaslandırmağa çalışsa da, əsl məqsəd Azərbaycan xalqının azadlıq iradəsini sındırmaq, milli-azadlıq hərəkatını boğmaq idi. Lakin bu faciə əksinə, xalqın mübarizə əzmini daha da gücləndirdi. Qanlı Yanvar Azərbaycan xalqının azadlıq yolunda verdiyi ən ağır, lakin şərəfli qurbanlardan biri oldu.

1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla Sovet rəhbərliyinin törətdiyi bu cinayəti açıq şəkildə pisləmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir. Bu bəyanat xalqın səsinə çevrilmiş və hadisələrə hüquqi-siyasi qiymət verilməsində mühüm rol oynamışdır. 1994-cü ildə isə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət vermişdir.

Qanlı Yanvar hadisələri Azərbaycan tarixində təkcə faciə deyil, həm də qəhrəmanlıq salnaməsidir. Həmin gecə həyatını itirən insanlar Vətən azadlığı uğrunda şəhid olmuş, xalqın milli birliyini və mübarizə ruhunu təcəssüm etdirmişlər. Şəhidlər Xiyabanı bu gün də azadlıq uğrunda canından keçənlərin müqəddəs məkanı kimi ziyarət olunur. Bu faciə eyni zamanda beynəlxalq hüququn, insan haqlarının kobud şəkildə pozulmasının bariz nümunəsidir. Dinc əhaliyə qarşı hərbi gücdən istifadə edilməsi heç bir hüquqi norma ilə əsaslandırıla bilməz. Buna görə də Qanlı Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılması, ona obyektiv qiymət verilməsi Azərbaycan dövləti və xalqı üçün mühüm vəzifə olaraq qalır.

Qanlı Yanvar qırğını Azərbaycan xalqının tarixində qanla yazılmış bir səhifədir. Bu faciə xalqımızın azadlıq, müstəqillik və ədalət uğrunda mübarizəsinin simvoluna çevrilmişdir. Bizim borcumuz bu hadisəni unutdurmamaq, şəhidlərin xatirəsini daim uca tutmaq və gələcək nəsillərə bu tarixi həqiqətləri olduğu kimi çatdırmaqdır.

 

Zərdab şəhər sakini Cavid Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki