Qadın, qoca, uşaq demədən,vətəndaşlarağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib.
1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixində qəhrəmanlıqla yanaşı, dərin faciə və hüznlə yadda qalan qanlı bir səhifədir. Həmin dövrdə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürməsi, bu təcavüzkar siyasətin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq və gizli şəkildə dəstəklənməsi xalqımızın haqlı etirazına səbəb olmuşdu. Bakının küçə və meydanlarına axışan yüz minlərlə insan öz qəti mövqeyini nümayiş etdirərək milli ləyaqətini, azad yaşamaq iradəsini ortaya qoymuşdu. Lakin bu haqlı və dinc etirazlar Sovet imperiyasının hərbi gücü ilə amansızcasına boğuldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusunun döyüş hissələrinin Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilməsi misli görünməmiş faciəyə gətirib çıxardı. Dinc əhaliyə qarşı ağır texnika və silahlardan istifadə olunması nəticəsində 147 nəfər qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Eyni zamanda, Sovet ordusunun hərbi əməliyyatları zamanı yüzlərlə mənzil, yaşayış evi, şəxsi və dövlət əmlakı dağıdıldı, şəhərin infrastrukturu ciddi zərər gördü. Bu hadisələr SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi açıq-aşkar cinayət və xəyanətkar siyasətin bariz nümunəsi idi. Həmin faciəli günlərdə Vətənin azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Azərbaycan övladları canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq xalqımızın mübarizə əzmini, əyilməz iradəsini və milli ruhunu bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar faciəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı zülmə boyun əymir və azadlığı uğrunda hər cür qurban verməyə hazırdır.Bu qanlı hadisəyə ilk siyasi və hüquqi qiyməti verən şəxs ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən toplantıda çıxış edən Heydər Əliyev Sovet ordusunun Bakıda törətdiyi qırğını qətiyyətlə pislədi, bu cinayətin təşkilatçılarını və icraçılarını açıq şəkildə ittiham etdi. O, 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya, humanizm prinsiplərinə və elan olunmuş hüquqi dövlət quruculuğu siyasətinə tamamilə zidd olan bir akt kimi qiymətləndirdi. Bu mövqe xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Məhz 20 Yanvar faciəsi xalqımızın azadlıq istəyini daha da gücləndirdi, milli oyanış prosesini sürətləndirdi və nəticədə Azərbaycan uzun illər arzusunda olduğu dövlət müstəqilliyinə qovuşdu, öz suverenliyini bərpa etdi. Aradan illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli gecəni unutmur, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, bu faciəni törədənlərə qarşı nifrətini daim yaşadır. Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş 20 Yanvar faciəsi hər il respublikamızda Ümumxalq Hüzn Günü kimi geniş qeyd olunur. Bu gün Azərbaycan xalqı şəhidlərinin xatirəsi qarşısında baş əyir, onların müqəddəs amalını daim uca tutur.
Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların azad və bütöv Azərbaycan uğrunda canlarından keçərək başlatdıqları mübarizə 44 günlük Vətən müharibəsində şanlı Qələbə ilə başa çatdı. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Gəlmə kənd ağsaqqalı-Abbasov Mirzə.





















