image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-488570366_1075158077979465_911697096165239498_n

Qadın hər bir cəmiyyətin inkişafında mühüm rol oynayan əsas qüvvələrdən biridir

image-legitimaz-810x90

Qadın hər bir cəmiyyətin inkişafında mühüm rol oynayan əsas qüvvələrdən biridir

 

Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınının tarixdə və müasir dövrdə göstərdiyi xidmətləri xatırlamaq xüsusilə əhəmiyyətlidir. Azərbaycan qadını əsrlər boyu öz müdrikliyi, mərdliyi və vətənpərvərliyi ilə seçilmiş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynamışdır.

Tarixə nəzər saldıqda Azərbaycan qadınlarının yalnız ailədə deyil, dövlətçilik və mübarizə sahəsində də fəal iştirak etdiyini görürük. Qədim dövrlərdən etibarən qadınlarımız Vətənin müdafiəsində igidlik göstərmişdir. Məsələn, massagetlərin hökmdarı olan Tomris öz igidliyi və uzaqgörənliyi ilə tarixdə iz qoymuşdur. Orta əsrlərdə isə Sara Xatun diplomatik fəaliyyəti ilə tanınmış, dövlətlərarası münasibətlərdə mühüm rol oynamışdır. Həmçinin Möminə Xatun kimi qadınlar Azərbaycanın siyasi və mədəni həyatında dərin iz buraxmışlar.

Azərbaycan qadınlarının hüquqları sahəsində də ölkəmiz tarixən qabaqcıl mövqe tutmuşdur. 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması qadınlara seçib-seçilmək hüququ verərək Şərqdə bir ilkə imza atmışdır. Bu qərar qadınların ölkənin ictimai və siyasi həyatında fəal iştirak etməsinə geniş imkan yaratmışdır.

Müstəqillik dövründə qadın siyasətinin inkişafı dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu sahədə böyük xidmətləri olan şəxsiyyətlərdən biri Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi dövründə qadınların cəmiyyətin bütün sahələrində iştirakını təmin edən mühüm qərarlar qəbul edilmiş, gender bərabərliyinin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Bu siyasət bu gün də uğurla davam etdirilir. İlham Əliyev tərəfindən həyata keçirilən sosial və iqtisadi islahatlar nəticəsində qadınların hüquqlarının müdafiəsi, onların əmək bazarında və dövlət idarəçiliyində iştirakının artırılması üçün geniş imkanlar yaradılmışdır. Qadınların sosial müdafiəsi, təhsili və məşğulluğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Müasir dövrdə Azərbaycan qadınının beynəlxalq aləmdə nüfuzunun artmasında Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi o, humanitar layihələr, mədəniyyətin təbliği və xeyriyyəçilik fəaliyyəti ilə ölkəmizin dünyada tanıdılmasına böyük töhfələr verir.

Bu gün Azərbaycan qadınları elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və idman kimi müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Onların dövlət idarəçiliyində, parlamentdə və yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ildən-ilə artır. Bu da ölkəmizdə gender bərabərliyinin inkişaf etdiyini göstərir. Azərbaycan qadını tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynamış, milli dəyərlərin qoruyucusu və gələcək nəsillərin tərbiyəçisi olmuşdur. Bu gün də qadınlarımız öz zəhmətləri, bilikləri və vətənpərvərlikləri ilə Azərbaycanın tərəqqisinə dəyərli töhfələr verməyə davam edirlər.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki