Hövsan Dəniz Gömrük Postunda aşkarlanan külli miqdarda qanunsuz siqaret yükü ilə bağlı aparılan istintaq son illərin ən səs-küylü korrupsiya və qaçaqmalçılıq qalmaqalına çevrilib. Prosesin ən diqqətçəkən detalı gömrük əməkdaşları Tahir Tahirinin və Əvəz adlı digər şəxsin həbslər başlayanda məhz İrana qaçmasıdır. Bu fakt son illər Xəzər üzərində kəskin artan İran narkotrafiki ilə əlaqələri gündəmə gətirir. Torpaq sərhədləri bağlandıqdan sonra İran mənşəli şəbəkələrin dəniz marşrutunu aktivləşdirməsi fonunda Hövsan gömrüyündəki hadisələr artıq lokal korrupsiya faktından çox-çox kənara çıxır.
Rəsmi məlumata görə Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəhbəri Rəşad Daşdəmirov, gömrük əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıblar. Lakin prosesin ən qalmaqallı hissəsi həbslər başlayanda gömrük əməkdaşları Tahir Tahirinin və Əvəz adlı digərinin İrana qaçması oldu.
Gömrükçülərin məsuliyyətdən yayınma ünvanı kimi İranı seçmələri təsadüfdürmü?
Rəsmi məlumatlar Azərbaycana daxil olan narkotiklərin böyük hissəsinin İran ərazisindən gəldiyini təsdiqləyir. “Hirkan koridoru”, cənub bölgəsi, eləcə də Xəzər dənizi üzərindən uzanan marşrutlar uzun müddət İran narkotrafik şəbəkələrinin təsir dairəsində olub. Belə şəraitdə 2 gömrük əməkdaşının məhz İrana qaçması sadə təsadüf hesab oluna bilməz. Bu fakt çox ağır ehtimalları gündəmə daşıyır.
Mümkündür ki, qaçaq əməkdaşların İran tərəfi ilə əvvəlcədən əlaqələri olub. Əgər gömrük əməkdaşları həbslər başlayanda İran ərazisinə sığınırsa, bu, orada onları qorumağa hazır olan dairələrin mövcudluğuna işarədir. İran tərəfi bu şəxsləri geri təhvil verməyəcəksə, ehtimalların reallıqla əlaqəsinin böyük olduğu da üzə çıxacaq. Son aylarda Tehran-Bakı münasibətlərinin dalğalı olması fonunda, dini qrupların və casus şəbəkələrinin ifşası kontekstində bu hadisə daha narahatedici görünür. Hətta qaçaq gömrükçülərin İran narkotrafik şəbəkələri ilə bağlılığını göstərən ən açıq siqnal hesab oluna bilər. Qaçaq gömrükçülərin daşıdığı informasiya İran üçün “qızıl mədən”i kimi də nəzərdən keçirilə bilər. Hövsan gömrüyündə xidmət aparan bu şəxslər həssas sahə olan yük axınlarının idarə olunduğu nöqtələrdə çalışıblar. Onlar hansı yüklərin “çətir” altında olduğunu, kimin hansı marşrutdan istifadə etdiyini, dəniz və liman xəttində gizli daşınmaları, qanunsuz siqaret və digər qaçaqmal axınını dərindən bilirlər. Belə əməkdaşların İran ərazisinə keçməsi strateji məlumatların ötürülməsi, əlaqələrin ifşa olunmaması, marşrutların qorunması baxımından qarşı tərəf üçün ciddi üstünlük deməkdir.
İran narkotrafikinin yeni magistralı kimi Xəzərin seçilməsi regionda baş verən ciddi dəyişikliklərin nəticəsidir.
Azərbaycan 2020-ci ildə 2-ci Qarabağ savaşını möhtəşəm qələbə ilə bitməklə erməni işğalına son qoydu. Bununla da Azərbaycanın İranla 132 kilometrlik sərhədi tam nəzarətə götürülməklə bağlandı. İşğal dövründə bu marşrutdan müntəzəm istifadə edən İran mənşəli narkotrafik şəbəkələri məcburi şəkildə alternativlər axtarmağa başladı. Ən real, ən az nəzarətli və ən riskli marşrut olaraq Xəzər dənizi seçildi.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumaatları nəzərdən keçirdikdə, müharibədən sonrakı dövrdə dəniz narkotrafik xəttinin tam gücə mindiyi aşkar görünür.
DSX-nın yaydığı aşağıdakı faktlar bu müşahidəni tam olaraq təsdiqləmiş olur:
-2021-2023-cü illərdə İrandan Azərbaycana Xəzər dənizi üzərindən kiçik qayıqlarla gecə keçidlərinə cəhdlər intensivləşib. DSX-nin Sahil Mühafizəsi bu illərdə gecə saatlarında İran sahillərindən çıxan və Azərbaycan istiqamətinə hərəkət edən bir çox kiçik qayıqları aşkarlayıb. Bu dövrü sınaq mərhələsi, marşrutun test edilməsi kimi də qəbul etmək olar.
2024-cü ildən başlayaraq isə narkotrafik xəttindən ilk böyük əməliyyatlar diqqət çəkməyə başlayır.
2024-cü ilin aprelində DSX-nin müşahidə sistemləri Ələt reydi yaxınlığında cənuba doğru sürətlə hərəkət edən naməlum qayıq aşkar edib. Aparılan əməliyyat nəticəsində İran vətəndaşları Muxtar Əbdi Yalci (1991) və Əli Bəhrami Məhəmməd (2000) saxlanılıb. Dənizə atılmış 8 bağlamada 20 kiloqram 400 qram marixuana götürülüb. Qayıq tam şəkildə İran sahillərindən çıxmışdı.
2024-cü ilin aprelində DSX-nin müşahidə sistemləri yenidən naməlum qayıq aşkar edib. Qayığın saxlanılması əməliyyatı uğursuz olub. Qayıq təqib zamanı geri dönməyə məcbur olub, narkotik bağlamaları – 12,4 kiloqram marixuana və 450 metadon həbləri dənizə atılıb.
Statistik məlumatlardan 2025-ci ildə marşrutun tam aktivləşdiyi görünür.
2025-ci ilin fevralında Xəzərin Azərbaycana aid hissəsində İran vətəndaşları olan qayıq saxlanılır. Qayıqda marixuana və psixotrop həblər aşkar olunur. Marşrut Bakı-Abşeron xəttinə yönəlmişdi.
Mart 2025-ci il.
Balıqçı kimi təqdim edilən qayıqda 10,385 kiloqram marixuana aşkarlandı. Narkotiklər gecə saatlarında sahilə çıxarılır, yerli vasitəçilərə ötürülürdü. Bu fakt dəniz marşrutuna artıq yerli iştirakçıların da qoşulduğunu təsdiqlədi.
Aprel 2025-ci il.
Növbəti dəfə DSX dəniz patrulu qayıqları təqib etdi, qayıq təqibdən yayınarkən dənizə atdıqları narkotik bağlamaları götürüldü.
May 2025-ci il.
Azərbaycan ərazi sularına daxil olan İran laynerindən 24,170 kiloqram marixuana və 100 qram opium götürüldü. Yükün İran sahillərindən çıxdığı rəsmən təsdiqləndi.
Sentyabr 2025-ci il.
Xəzər üzərindən Azərbaycana gətirilən ən böyük – 510 kiloqram narkotik partiyası tutuldu. İran istiqamətindən gələn qayıq saxlanılan şəxslər İran vətəndaşları idi. Bu, dəniz marşrutunun artıq strateji marşruta çevrildiyini göstərdi.
İrana qaçan gömrükçülər və Xəzər üzərində narkotrafikin son illərdə kəskin artması göstərir ki, torpaq sərhədi bağlandıqdan sonra İran şəbəkələri Xəzərə keçid ediblər.
2021-dən bu yana dəniz marşrutu sistematik şəkildə test edilib və gücləndirilib. 2024-2025-ci illər bu marşrutun tam işə düşdüyü dövr hesab etmək olar. Böyük həcmdə yüklər və iranlı narkokuryerlərin fəal iştirakı bunu sübut edir. Bu baxımdan İrana qaçan əməkdaşların davranışı ən ciddi siqnalıdır. Statistik məlumatlar göstərir ki, təkcə 2025-ci ilin 6 ayında 600 kiloqramdan çox narkotik Xəzərdə ələ keçirilib.
Hövsan gömrüyündəki korrupsiya və iki əməkdaşın İrana qaçması artıq lokal korrupsiya hadisəsi olmaqdan çıxıb, dərinləşmiş narkotrafik xəttinin və gömrük şəbəkəsinə sızma ehtimalı güclüdür. Bu qaçışın arxasında hansı şəbəkələr dayanır sualı isə hələ ki, açıqdır.


























