Rus imperiyası naminə Ukraynaya ölümə göndərilənlər arasında yerli aborigen xalqlar (Şimali qafqazlılar, başqırdlar, tatarlar və s.) kifayət qədərdir. Kreml rəhbərliyi beləcə, azsaylı millətlərin kişi əhalisinin sayını bu yolla daha da azaldıb ruslarla müqayisədə onların əhalisinin yüksək artım tempini yavaşıtmaq, eyni zamanda, milli mahallarda nə vaxtsa imperiyaya qarşı əli silah tutacaq potensial narazıları minimuma endirmək niyyəti güdür. Yəni bu həm də bir soyqırımı siyasətidir.
Nə yazıq ki, tələyə düşənlər arasında başqa dövlətlərin təbəələri, muzdlular, hətta qanuni hərbi qüvvələri də var. Söhbət ən əvvəl Şimali Koreyadan gedir. Bəlli ki, neçə vaxtdır Rusiyanın Kurs vilayətində döyüşlərə cəlb edilən koreyalılar artıq Ukrayna cəbhəsinə göndərilirlər. Onların arasında əsir düşənlər də var…
Cənubi Koreyanın “Daily NK” qəzeti yazıb ki, Şimali Koreya rəhbərliyi Ukraynaya döyüşməyə göndərdiyi hərbçilərdən əsir düşməkdənsə, özlərini partlatmalarını tələb edir. Nəşrə görə, diktator Kim Çen In əsgərlərini Ukraynada cəbhəsinə yollayarkən onlara ukraynalılara təslim olmaq əvəzinə, özlərini qumbara ilə partlatmağı əmr edir.
Döyüşdə özlərini partlatmaq qorxusuna qalib gəlmək üçün isə əsgərlərə həftədə iki dəfə “siyasi dərslər” keçməyə başlayıblar. Qeyd olunur ki, dərslər əsgərlər üçün mesaj xarakterlidir və onlara guya cəsur məqsəd uğrunda ölməklə əbədi yaşayacaqları fikri aşılanır. Hətta yeni şüar ortaya çıxıb: “Gəlin özlərini partladan əsgərlərdən dərs alaq”…
Təəccüblü deyil. Ta qədimdən sadə insana ət parçası, cansız robot, zombi kimi baxmaq diktatorların köhnə adətidir. Ancaq bildiyimiz qədər heç Stalin də sovet əsgərlərindən özünü partlatmağı tələb eləməyib. Doğrudur, 2-ci Dünya müharibəsi zamanı almanlara əsir düşənlər evlərinə qayıtdıqdan sonra uzun-uzadı sorğu-suala çəkiliblər, onların üzərində daim şübhəli nəzərlər dolaşıb, “damğa” olub.
Amma müharibə varsa, əsir də olacaq. Əsirlərin hüquqları isə beynəlxalq konvensiya ilə qorunur. Həmin sənədə görə, onlara işgəncə vermək, öldürmək olmaz…
Əslində zombiləşdirilmiş şimali koreyalılar onsuz da öz qapalı vətənlərində on illərdir faktiki əsir, qul kimi yaşayırlar. Bu xalqın dolanışıq səviyyəsi isə dünyanın ən aşağı göstəricilərindən belə aşağıdır. Yəni diri ikən ölülər.
Bunlar öz yerində, bəs koreyalı əsgərlərin yad ölkədə – Ukraynada nə iti azıb? Gərək ki, Ukrayna Kim Çen Inın ölkəsinə hücum etməyib. Əgər Rusiyadan nəsə qoparmaq qarşılığında bu edilirsə, o zaman ortaya yenə sual çıxır: Ukrayna Rusiya torpaqlarınamı girib? Xeyr (Kiyevin Kursk əməliyyatı, sadəcə, rus ordusunu öz ərazisindən qovmaq üçün bir preventiv tədbir idi)…
Demək ki, Çen In və Putin işğal ortaqlarıdır – bütün siyasi və hüquqi nəticələri ilə birgə. Yox, əgər əksi baş versəydi, yəni Pxenyan Moskvaya deyil, Kiyevə kömək eləsəydi, bax bu, məntiqli və kişiyana hərəkəti olmaqla yanaşı, beynəlxalq hüquqa da uyğun gələrdi. Çünki BMT Nizamnaməsinin 51-cı maddəsinə görə, xarici təcavüzə məruz qalan üzv ölkənin öz ərazi bütövlüyünü bərpa eləmək və bu məqsədlə digər dövlət və ya dövlətlər qrupundan yardım istəmək haqqı var.
Dövrümüzün ən böyük paradoksu da elə budur: işğala məruz qalana kömək eləmək əvəzinə, işğalçıya hərbi dəstək verilir, hətta birincinin əvəzinə ikincinin başı “tumarlanır”. Elə isə hər cəhətdən Rusiyadan üstün, varlı-karlı kollektiv Qərb nəyi gözləyir? BMT Nizamnaməsinin 51-ci bəndini ki, heç kim ləğv eləməyib…
Və sonda. Dünən ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı təhlildə bildirilir ki, Ukrayna günü bu gün də Qərb tərəfdaşlarından adekvat hərbi dəstək alacağı təqdirdə Rusiya qoşunlarının irəliləməsini dayandırmaq və cəbhədəki vəziyyəti sabitləşdirmək iqtidarındadır. “Qərbin Ukraynaya vaxtında və kifayət qədər hərbi yardımı, ABŞ və digər Qərb ölkələrinin Rusiyaya qarşı qətiyyətli iqtisadi tədbirləri Ukraynanın döyüş meydanında Rusiyanın irəliləməsini dayandırmasına imkan verə bilər”, – araşdırmada vurğulanır.
Azərbaycanın acı təcrübəsi isə çoxdan sübut edib: haqlı olmaq yetərli deyil, həm də güclü olmalısan – özünün resursları hesabına, düzgün seçilmiş dost-müttəfiqlərin hesabına…


























