”Xeberaz.info” xəbər verir ki, azərbaycanlı siyasi təhlilçi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva sosial şəbəkədə maraqlı faktlar açıqlayıb.
”Xeberaz.info”-nun xəbərinə görə, o qeyd edib ki, Rusiya hökuməti Putinin təbliğat maşınını saxlamaq üçün mediaya rekord həcmdə vəsait ayırır.
Rusiya Dövlət Dumasının saytında dərc edilmiş 2025-ci ilin büdcə qanunu layihəsinə görə, dövlət televiziya kanalları, KİV və internetdə təbliğat layihələrinin maliyyələşdirilməsinə 137,2 milyard rubl ayrılıb. Bu, ötən illə müqayisədə 13 faiz (təxminən 15,9 milyard rubl) çoxdur.
Yeganə Hacıyeva bunu belə şərh edib:
“Rusiyada mediaya ayrılan maliyyənin həcmi bəzi bütöv regionların illik büdcəsini geridə qoyur. Məsələn, Kalininqrad vilayətinin büdcəsi 135 milyard, Perm vilayətinin 110 milyard, Tambov vilayətinin isə cəmi 75 milyard rubldur. Amma mediaya bundan da artıq pul ayrılır”.
KİV üçün nəzərdə tutulan vəsaitin 42 milyard rublu Dmitri Kiselyovun rəhbərlik etdiyi “Rossiya Seqodnya” agentliyinə (rus və ingilis dilli versiyalar üçün) yönəldiləcək.
Yeganə xanım əlavə edib ki, “odur ki, Kiselyovun Azərbaycan mediasını boş davul adlandırmasına təəccüblənməyə dəyməz”.
Beləliklə, Putin rejimi ölkədaxili və beynəlxalq təbliğatı üçün mediaya ayrılan pullarla sözün həqiqi mənasında “pul içində üzdürür” və bu siyasətə regionların sosial ehtiyaclarından belə daha çox prioritet verir.