Prezidenti İlham Əliyevin xarici ölkələrə səfəri zamanı diaspor nümayəndələri ilə görüşü.
Müstəqil Azərbaycan Respublikasının xarici siyasət strategiyasında diasporla əlaqələrin gücləndirilməsi xüsusi yer tutur. Bu sahədə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli maraqların beynəlxalq müstəvidə qorunması və dünya azərbaycanlılarının vahid amal ətrafında birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlər zamanı diaspor nümayəndələri ilə mütəmadi görüşləri bu strategiyanın mühüm tərkib hissəsidir.Bu görüşlər təkcə protokol xarakteri daşımır, eyni zamanda Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarına verdiyi yüksək dəyərin, diqqət və qayğının bariz nümunəsidir. Prezident cənab İlham Əliyevin diaspor nümayəndələri ilə birbaşa təması onların fəaliyyətinin əlaqələndirilməsinə, milli həmrəyliyin gücləndirilməsinə və dövlət-diaspor münasibətlərinin yeni mərhələyə yüksəlməsinə xidmət edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında diaspor quruculuğu sahəsində sistemli və ardıcıl siyasət həyata keçirilmişdir. Bu siyasətin əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını gücləndirmək, onların yaşadıqları ölkələrdə daha fəal və nüfuzlu ictimai qüvvəyə çevrilməsinə şərait yaratmaqdır. Xarici ölkələrə rəsmi və işgüzar səfərlər zamanı Prezident İlham Əliyevin diaspor nümayəndələri ilə keçirdiyi görüşlər həmin siyasətin praktiki təzahürüdür. Dövlət başçısı bu görüşlərdə diaspor üzvlərinin fəaliyyəti ilə yaxından maraqlanır, onların qarşılaşdıqları problemləri dinləyir, milli maraqlar naminə daha səmərəli fəaliyyət göstərmələri üçün tövsiyə və tapşırıqlarını verir.Bu yanaşma diaspor nümayəndələrində Azərbaycan dövlətinə bağlılığı daha da möhkəmləndirir, onların öz fəaliyyətlərini vahid strategiya əsasında qurmasına stimul yaradır.
Prezident cənab İlham Əliyevin diaspor nümayəndələri ilə görüşləri mühüm siyasi və ideoloji məzmun daşıyır. Bu görüşlər zamanı dövlət başçısı Azərbaycanın daxili və xarici siyasət prioritetləri, regional və beynəlxalq proseslər, eləcə də ölkəmizin milli maraqları barədə ətraflı məlumat verir.Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi, işğal və postmünaqişə dövründə aparılan diplomatik fəaliyyət, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolu bu görüşlərdə əsas mövzulardan biri olmuşdur. Prezident cənab İlham Əliyev diaspor nümayəndələrini Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə daha fəal şəkildə müdafiə edilməsinə çağırmış, informasiya müharibəsində vahid mövqedən çıxış etməyin vacibliyini xüsusi vurğulamışdır. Bu baxımdan diasporla keçirilən görüşlər milli ideoloji birliyin möhkəmləndirilməsinə xidmət edir. Diaspor nümayəndələri ilə görüşlər yalnız siyasi məsələlərlə məhdudlaşmır, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və yaşadılması baxımından da böyük əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyev çıxışlarında ana dilinin qorunması, milli mədəniyyətin, adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin vacibliyini daim önə çəkir.Bu görüşlər diaspor üzvlərində milli kimlik hissinin güclənməsinə, Vətənlə mənəvi bağların möhkəmlənməsinə səbəb olur. Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dövləti etibarlı dayaq və milli birliyin rəmzi kimi çıxış edir. Cənab Prezidentin onlarla birbaşa ünsiyyəti isə bu bağlılığı daha da dərinləşdirir. Müasir dövrdə diaspor təşkilatları beynəlxalq münasibətlər sistemində mühüm aktorlardan birinə çevrilmişdir. Prezident cənab İlham Əliyevin diaspor nümayəndələri ilə görüşləri onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməsinə, Azərbaycanın maraqlarını qanunauyğun və sivil yollarla müdafiə etməsinə stimul verir.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini























