image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-image_750x_69a29e1986e74

PREZİDENTƏ MÜRACİƏT – YAP Deputatları Tarixi Ədalət TƏLƏB EDİR!

image-legitimaz-810x90
Millət vəkilləri vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsini vacib sayırlar

Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə Azərbaycan sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etdi. Nəticədə Azərbaycan Respublikasında olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. Çünki SSRİ-dəki əmlak xalqın mülkiyyəti idi.

1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırıldı və özəlləşdirmə haqqında qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edildi.

Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik olan normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir. Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hüquqi gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib.

Gəlin QANUNLA olan normalara baxaq:

İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir və bu pozuntulara iddia müddəti şamil olunmur. Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir. Bu norma imperativ normadır.

Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”.

Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Hətta, 2017-ci ildə Qanunla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi olaraq bildirilib ki, 75 N-li Fərmanın 1.1 bəndinə uyğun olaraq 01.01.2011-ci ilə qədər özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə edilməyən çeklərin dövriyyədən çıxarılması qaydaları hazır olmadığı üçün gələcəkdə dövriyyədən çıxarılacaq. Və bu günə qədər bu barədə heç bir rəsmi ELAN olmayıb.

Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamadığı kimi, heç 1 illik müddət də bitməyib. Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətini ötürdüklərinin qəbul edilməsi – məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir.

Məhz Ali Məhkəmənin qərarının 51-ci bəndində açıq aydın yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”.

Ali Məhkəmə öz qərarının 51-ci bəndi ilə dövlət özəlləşdirmə çeklərinin (DÖÇ) hələ də dövriyyədə olduğunu inkar etmədi, lakin Mülki Məcəllənin 384.0.5-ci madəsinin xüsusi hüquq norması olduğunu və bu normanın ümumi normadan üstün olduğunu bilə-bilə, vətəndaşlara qarşı ədalətsiz qərar çıxardı.

Bundan başqa, ərizəçilər məhkəmələrə vəsatət ilə bildiriblər ki, 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖÇ-lərin tədiyyə (ödəniş) vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanət və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində, 2004-cü ildə qəbul edilən 75 saylı fərman ilə bu müddət məhdudlaşdırıldı. Həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə görə, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.

Göründüyü kimi, 75 saylı Fərman 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə ziddir. Bunun Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması və işin Konstitusiya Məhkəməsinə göndərilməsi tələb olundu. Lakin məhkəmələr bu ziddiyyəti və onun hüquqi nəticələrini araşdırmadığı kimi, işi Konstitusiya Məhkəməsinə də göndərmədi. Ancaq tək hakimlər deyil, bütün ziyalılar gözəl bilir ki, normativ aktların iyerarxiyası Konstitusiya ilə müəyyən olunub və bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə çeklər ödəmə vasitəsi olmalıdır – yəni özəlləşdirmə çekləri öz hüquqi quvvəsini itirməyib.

Bu fakt birmənalıdır ki, fərman qanunu ləğv edə bilməz!

Özəlləşdirmə çekləri istifadə edilmədən, 2011-ci ildən sonra milyonlarla dollar dəyəri olan iri müəssisələr özəlləşdirildi. Prosesin bu işdə maraqlı olan və Ramiz Mehdiyevə yaxın oliqarx məmurlar tərəfindən aparıldığı şübhə doğurmur.

Cənab Prezident hüquqşünas deyil. Çox maraqlı haldır ki, bütün deputatlar Qanun maddəsinin Fərmanla dayandırılmasının qanunlara və Konstitusiyaya TAM ZİDD olduğunu bildirirlər – ancaq bu barədə cənab Prezidentə birbaşa Milli Məclis adından müraciət etmirlər.

Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan onminlərlə ailə adından Milli Məclisə çoxsaylı müraciətlər edilir. Çek sahiblərinin deputatlara müraciətlərində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin dövriyyədə ola-ola Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər. Qeyd edilir ki, Milli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini Tədavül vasitəsi kimi satmamağı – onlardan Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi məsləhət görürdu. Hətta deyirdi ki, 10,15 -20 il kecməsindən aslı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır. Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.

Milli Məclis üzvləri də vətəndaşların müraciətlərinə reaksiya verir, əhalinin tələbini haqlı sayır, insanların pozulan hüquqlarının bərpasının vacibliyini bəyan edirlər. İndiyədək haqq-ədaləti dəstəkləyən, hökuməti qanunun aliliyinin təmin edilməsinə çağıran və haqlı vətəndaşların mövqeyini müdafiə edən deputatların sayı 60 nəfərdən çoxdur.

AYNA.AZ çek sahiblərinin müraciətlərinə cavab verən, Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən bir sıra millət vəkillərinin fikirlərindən çıxarışları təkrar təqdim edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov:

“Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi bildirmişəm və müvafiq instansiyalara müraciət etmişəm. Bu gün də hesab edirəm ki, əllərində yararlana bilmədikləri vauçerləri qalan vətəndaşların haqlarının bərpasına ehtiyac var. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara özəlləşdirmə çeklərinin verilməsi tarixi qərar idi. Xatırlayıram ki, ölkə vətəndaşlarının əksəriyyəti bu paylardan müxtəlif formada yararlana bildilər.

Amma bu və ya başqa səbəbdən çeklərindən səmətrəli istifadə edə bilməyən vətəndaşlar var və onların sayı kifayət qədərdir. Düzdür, yararlana bilməyənlər üçün çeklərin tədavül müddəti bir neçə dəfə uzadıldı. Görünən odur ki, onlar çeklərin üzərində müddət olmadığı üçün özəlləşdirmə paylarını saxlayıblar. Bu mənada, yaxşı olardı ki, tədavül müddəti yenidən artırılsın, yaxud da başqa formada məsələ həllini tapsın. Aidiyyəti qurumların vətəndaşın xeyirinə qərar verəcəyinə inanıram. Yenə də lazımi qurumlara müraciət edirəm ki, vətəndaşlarımızı narazı salan bu problemin həlli ilə bağlı addım atılsın”.

Milli Məclisin Səhiyyə və İntizam komitələrinin üzvü Məlahət İbrahimqızı:

“Hesab edirəm ki, istifadə edilməmiş çeklərin taleyinə aydınlıq gətirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, bu çeklər dövlətin qiymətli kağızıdır. Dövlətin qiymətli kağızı isə qiymətsiz kağız parçasına dönməməlidir. Əlbəttə, aidiyyəti qurumlar bu məsələyə biganə qalmamalıdır. Mən sizin sayt vasitəsilə lazımi dövlət qurumlarına müraciət edirəm ki, məsələyə yenidən baxılsın, əgər vətəndaşın hüququ həqiqətən də pozulubsa, bərpa olunsun.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalətli dövlətdə yaşayırıq. Ölkə başçımız hər bir vətəndaşın probleminin həllinə diqqət göstərir. İnanıram ki, bu məsələ də müsbət həllini tapacaq. Milli Məclisə müraciət olunubsa, məsələyə baxılacaq. Çünki Milli Məclis rəhbərliyi də, deputatlarımız da, aidiyyəti komitələr də müraciətlərə həssas yanaşırlar.

Hər bir vətəndaşın problemi qanunvericilik və ölkə qanunları çərçivəsində həll olunmalıdır. Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşa verilən çeklərdən hansı vətəndaş istifadə edə bilməyibsə, adekvat addımlar atılmasına, onlara dəyən ziyanın ödənilməsinə ehtiyac var. Ola bilsin ki, bu, sadə məsələ deyil və həlli zaman tələb edir. Amma gecikmədən problemin həlli ilə bağlı qərar verilməli və icrasına başlanılmalıdır”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov:

“Burada əsas məsələ qanunun tələb etdiyi formada məsələnin həllinə qovuşmasıdır. Özəlləşdirmə paylarından istifadə edə bilməyən vətəndaşların şikayətlərini, tələblərini anlayıram. Hüquq da onların haqlı olduğunu deyir.

Hər halda, dövlət qurumları və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı ətraflı araşdırma apara, müvafiq qərar verə bilər. Qanun vətəndaşın tərəfindədirsə, aidiyyəti orqanlar lazımi addımları atmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq və hüquq nəyi diktə edirsə, o formada da problemlər həll olunmalıdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev:

“Artıq bir neçə ildir insanların əllərində qalmış özəlləşdirmə çeklərinin taleyi ilə bağlı çoxsaylı çağırışlar var. Həmin vətəndaşlarımızın şikayət və tələbləri barədə məlumatlıyam. Hesab edirəm ki, aidiyyəti qurumlar məsələyə münasibət bildirməli və məsələyə birdəfəlik nöqtə qoyulmalıdır.

Təbii ki, əlalət pozulubsa, bu, hüquqi yolla bərpa edilməlidir. Yəqin ki, vətəndaşların müraciətinə reaksiya veriləcək və məsələ bu və ya digər formada həllini tapacaq. İnanıram ki, hər zaman olduğu kimi, vətəndaşdan yana qərar veriləcək”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov:

“Azərbaycan dövləti vətəndaşlarının problemlərinə, şikayətlərinə həmişə həssaslıq nümayiş etdirib. Hesab edirəm ki, hökumət çek sahiblərinin də şikayətini dinləməli, lazımi addımı atmalıdır. Çünki zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən əhalinin özəlləşdirmə prosesində iştirakının təmin olunması üçün çeklər verildi və bu qərar çox mütərəqqi qərar idi. Bu, Ulu Öndərin rəhbərliyində olduğu dövlətin öz vətəndaşına verdiyi dəyərin göstəricisi idi ki, vətəndaşlar da özəlləşdirmədə iştirak etsin, pay sahibinə çevrilsinlər.

Amma çeklərin istifadəsi ilə bağlı müəyyən problemlər oldu, proses tam şəffaf getmədi. İndi qiymətli kağızlarından istifadə edə bilməyən vətəndaşlar haqlarını tələb edirlər. Şikayət edənlər haqlıdırlarsa, onların haqları qanunla tanınmalıdır. Hesab edirəm ki, Ulu Öndərin onlara verdiyi qiymətli kağızların yenidən dövriyyəyə qaytarılması və yaxud problemin hansısa formada həllini tapması vacibdir. Ədalətin bərpası üçün hökumətin ədalətli qərar verməsi bütün tərəflər baxımından məqsədəuyğun olardı”.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov:

“Düşünürəm ki, özəlləşdirmə çekləri ilə bağlı problem birdəfəlik həllini tapmalıdır. Xatırlayıram ki, dövlət çeklərdən özəlləşdirmədə lazımi şəkildə istifadənin tərəfdarı idi və bunun üçün qiymətli kağızların tədavül müddətini bir neçə dəfə uzatmaq haqqında qərar verildi. 2011-ci ildən sonra isə çeklərin tədavül müddəti artırılmadı. Qeyri-rəsmi məlumatlara görə, 2011-ci ilədək özəlləşdirmə paylarının 80 faizi istifadə edilib. Demək ki, 20 faiz çeklər qiymətsiz kağıza çevrilib. Əlində çeki qalan vətəndaşlar da bundan istifadə edə bilməyənlərdir.

Düşünürəm ki, həmin insanlara çeklərindən istifadə üçün şərait yaradılması ədalətli olardı. Müvafiq instansiyalar araşdırma apara bilər, əllərdə nə qədər çek qaldığı aydınlaşar və lazımi qərar verilər. Ya bu çeklərdən özəlləşdirmədə iştiraka şərait yaradıla bilər, ya da qiymətli kağızların dəyəri qiymətləndirilə, kompensasiya formasında ödəniş edilə bilər. Məsələn, komissiya yaradıla, komissiyada araşdırma aparıla, təkliflər verilə və ədalətin bərpasına yönəlik addımlar atıla bilər.

Bir deputat olaraq vətəndaşın şikayətini anlayıram və məsələnin həllinə dəstək göstərilməsində əlimdən gələni etməyə hazıram. Bundan əvvəl də mətbuat vasitəsilə aidiyyəti qurumlara müraciətlər etmişik. Həmkarlarım da məsələni dəfələrlə gündəmə gətiriblər. Yenə deyirəm, problemin hüquqi yolla həllinin tərəfdarıyam. Azərbaycan hüquqi dövlətdir və qanunlar vətəndaşların hüquqlarını qoruyur. İnanıram ki, bu problemlə bağlı da ədalətli qərar veriləcək”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Səyyad Aran:

“Vaxtilə Ulu Öndər Heydər Əliyevin müvafiq qərarı ilə əhaliyə əvəzsiz olaraq özəlləşdirmə çeklərinin paylanılması böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Bu, əhalinin sosial rifahının yüksəlməsinə hesablanmış addım idi. İnsanlarımız çekləri vasitəsilə özəlləşdirmədə iştirak etməli idilər. Bu prosesdə iştirak edənlər də oldu, yararlana bilməyən vətəndaşlarımız da var.

Bilirsiniz, özəlləşdirmə payı qiymətli dövlət kağızıdır və heç bir halda zamanla məhdudlaşdırıla bilməz. Çeklərin üzərində tədavül müddəti əksini tapmayıb. Mən bu barədə məlumatlıyam və hüquqşünasların rəyi də, qanun da deyir ki, bu insanların hüquqları pozulub. Hesab edirəm ki, özəlləşdirmə payı sahiblərinin hüquqlarının bərpası istiqamətində addımlar atılması vacibdir.

Məsələ dərindən araşdırılmalı və vətəndaşların hüquqlarının bərpası istiqamətində qərar verilməlidir. Bu insanlar illərdir ki, aidiyyəti qurumlara müraciət edirlər, problemlərinin həllini istəyirlər. Biz güclü və hüquqi dövlətdə yaşayırıq. İqtisadiyyatımız çiçəklənir, sosial rifah artır. Bu fonda haqqı pozulanların haqları bərpa olunmalıdır ki, narazılıq da aradan qaldırılsın. Lazımi qurumlara sizin vasitənizlə müraciət edirəm ki, məsələyə yenidən baxılsın və qanunun tələb etdiyi formada, ədalətli qərar verilsin”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev:

“Uzun illərdir həll olunmayan vauçerlər məsələsinə birdəfəlik nöqtə qoyulsa, yaxşı olar. Aidiyyəti orqanlar qərar verməlidir. Bu məsələ ilə bağlı şikayətləri görürəm, illərdir gündəmdə olan problemdir. Bu problemin həlli üçün zəruri addımların atılması, vətəndaşların hüquqları pozulubsa, onun bərpası istiqamətində qərar verilməsi lazımdır. Vətəndaşın qiymətli kağızına “qiymətsizdir” demək doğru yanaşma ola bilməz. Hesab edirəm ki, qanunun tələbinə əməl olunmalıdır. Qanunun əleyhinə qərarlarla vətəndaşları narazı salmaq doğru deyil.

Əlbəttə, özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməlidir. Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu institusional islahatların mahiyyətində dövlət-vətəndaş münasibətlərini keyfiyyətcə yeni mərhələlərə daşımaq var. Şübhəsiz, belə bir şəraitdə özəlləşdirmə çeklərinin taleyinə də aydınlıq gətirilməsi, müvafiq qərar verilməsi vacibdir. Məncə, bu məsələyə yekun vurmaq elə də çətin deyil. Aidiyyəti qurumlar hansısa formada məsələyə nöqtə qoya bilər ki, birdəfəlik bu problem həllini tapsın”.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Vüqar İskəndərov:

“Məsələyə aidiyyəti qurumlar baxmalı və qərar verməlidir. Bu insanların əlində qalan vauçerlər tədavül müddətinin başa çatması səbəbindən dəyərini itirib. Hansı ki, həmin insanlar zamanında bundan səmərəli istifadə edə bilməyiblər. Ulu Öndər Heydər Əliyev zamanında insanların özəlləşdirmədə bütün vətəndaşlarımızın iştirak etməsi üçün belə təqdirəlayiq fərman imzaladı. Bu, həm də vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına hesablanmışdı.

Düzdür, çeklərdən istifadə edənlər, dövlətin ona verdiyi qiymətli kağızdan yararlanan insanlar da oldu, işbazlar da istifadə edə bildilər. Amma qiymətli kağızından istifadə edə bilməyən vətəndaşlarımız hələ də qalıb ki, onların da istifadə etməsinə şəraitin yaradılması, onların hüquqlarının bərpası lazımdır. Bu məsələni lazımi qurumlar hansısa formul taparaq yoluna qoysa, yaxşı olardı. Ola bilər ki, çeklərindən istifadə edə bilməyənlərə kompensasiya verilsin. Yaxud da, həmin vətəndaşların əlində olan çeklərin qarşıdakı müddətdə özəlləşdirmə proseslərində iştirakına şərait yaradılsın və s. Yəni ki, necəsə problemi yoluna qoymaq mümkündür.

İnanıram ki, aidiyyəti dövlət qurumlarımız çeklər məsələsi ilə bağlı ədalətli qərar verə bilər. Məlumatım var ki, bu problem illərdir müzakirə olunur, tələblər səsləndirilir. Onu da bilirəm ki, özəlləşdirmə payları əlində qalan vətəndaşlar dəfələrlə rəsmi dairələrə müraciətlər ünvanlayıblar, həmçinin biz deputatlara da müraciətlər edilib. Biz də bununla bağlı çağırışlar edirik, sizin vasitənizlə də çağırış edirəm ki, məsələyə nöqtə qoyulsun”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü İlham Məmmədov:

“Əvvəlcə onu bildirim ki, ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən çox mütərəqqi addım atıldı və hər bir vətəndaşın SSRİ-dan miras qalmış əmlakın özəlləşdirilməsində iştirakına şərait yaradıldı. Bu, həm də vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün atılan ən böyük addımlardan biri idi ki, Ümummilli Lider bu addımı atdı. Bu, çox ciddi bir fərman idi. Ölkə vətəndaşlarının da qarşısında geniş imkanlar açırdı. Sonrakı dövrdə özəlləşdirmə çeklərinin paylanılması tam şəffaf formada həyata keçirildi.

Amma görünən odur ki, ümumi proses tam da istənilən kimi həyata keçirilmədi. Bunun da müxtəlif səbəbləri var – maariflənmənin olmaması, bəzi işbazların bundan sui-istifadəsi və s.

İndi fakt odur ki, xeyli vətəndaşın əlində dövlətin qiymətli kağızı qiymətsiz halda qalıb. Onlar qiymətli kağızlarından istifadə edə bilmirlər. Hesab edirəm ki, məsələ hüququn tələb etdiyi formada həllini tapmalıdır. Lazımi qurumlar konkret qərar versə, məsələyə birdəfəlik yekun vursalar, yaxşı olardı. Həm iddia olunan hüquq pozuntusu aradan qaldırılardı, həm də illərdir problemi gündəmə gətirən çek sahibləri məsələnin birdəfəlik həllinin şahidi olardılar. Bütün hallarda, hesab edirəm ki, vətəndaşın hüququ bərpa olunmalıdır”.

QEYD

Ötən əsrin sonunda – Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il  1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət  Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün  AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki