Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Cənubi Qafqazda de-fakto sülh mühiti artıq formalaşıb
Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziya kanalına verdiyi müsahibə Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların və postmünaqişə dövrünün mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan artıq beş-altı aydır sülh şəraitində yaşayır və bu vəziyyət ölkəmizin müstəqillik tarixində ilk dəfə müşahidə olunur. Uzun illər münaqişə və qarşıdurmalarla üzləşmiş bir xalq üçün sülh həm xüsusi hiss, həm də gələcək inkişaf baxımından böyük fürsətdir.
Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər tədricən qarşıdurmadan əməkdaşlıq müstəvisinə keçməkdədir. Azərbaycanın xoş niyyətinin və konstruktiv mövqeyinin bariz nümunəsi kimi, Ermənistana gedən yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması, habelə həmin ölkənin ciddi asılılıq yaşadığı əsas məhsulların, xüsusilə neft məhsullarının təchizatına başlanılması xüsusi vurğulanmalıdır. Bu yanaşma açıq şəkildə göstərir ki, mövcud vəziyyətdən regionun bütün tərəfləri fayda əldə edir.
Dövlətimizin başçısı Cənubi Qafqazın artıq yeni inkişaf mərhələsinə daxil olduğunu bəyan edərək, Azərbaycan və Ermənistanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində regionda davamlı və əbədi sülhün bərqərar olunacağına əminliyini ifadə etdi. Bu mövqe Azərbaycanın təkcə milli maraqlara deyil, ümumregional sabitliyə və əməkdaşlığa xidmət edən məsuliyyətli siyasət yürütməsinin göstəricisidir.
Qeyd edilməlidir ki, Davosda keçirilən tədbir çərçivəsində Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz bu siyasətə verilən beynəlxalq qiymətin təzahürüdür. Dövlətimizin başçısı bu mükafatı otuz ildən artıq davam edən qanlı münaqişələrdən və müharibələrdən sonra Qafqazda sülhün qurulması istiqamətində göstərilən səylərə verilən yüksək dəyər kimi qiymətləndirmişdir.
Bu gün reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Cənubi Qafqazda de-fakto sülh mühiti artıq formalaşıb. Qarşıda duran əsas vəzifə bu reallığı hüquqi çərçivəyə salmaq, yəni sülh müqaviləsinin imzalanmasını təmin etməkdir. Bunun üçün isə Azərbaycan tərəfinin beynəlxalq hüququn tələblərinə uyğun şəkildə irəli sürdüyü əsas şərtin yerinə yetirilməsi vacibdir.
İlk növbədə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən konstitusiyasını dəyişdirməlidir. Bu addım təkcə Azərbaycanla münasibətlərin normallaşdırılması baxımından deyil, eyni zamanda Ermənistanın beynəlxalq münasibətlər sistemində məsuliyyətli və hüquqa hörmət edən aktora çevrilməsi üçün mühüm əhəmiyyət daşıyır. Məhz bu halda Cənubi Qafqazda sülh davamlı, hüquqi və dönməz xarakter alacaqdır.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru























