Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub.
Son illər Azərbaycanın sürətli tərəqqisi nəticəsində ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb. Azərbaycanın hərbi qüdrəti durmadan artıb. Son dövrdə respublikamızda müdafiə sənayesi sahəsi də uğurla inkişaf edib. Hazırlanan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Müdafiə Sənayesi Nazirliyində mühüm uğurlar əldə olunub. Ordu quruculuğu sahəsində də islahatlar aparılıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və bu işlər indi də davam etdirilir. Ordunun silah-sursat və digər müdafiə təyinatlı məmulatlarla təchiz edilməsində dövlətimizin başçısının müvafiq Sərəncamı ilə yaradılan nazirlik layiqli yerini tutmaqdadır. Zaman keçdikcə görülən bütün işlər öz bəhrəsini verdi, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başladı və 30 il davam edən işğala ildırım sürətli döyüşlərlə 44 gün ərzində son qoyuldu. Rəşadətli ordumuz tarixi ədaləti bərpa etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu, müqəddəs üçrəngli bayrağımız tarixi torpaqlarımızda əbədi ucaldıldı.
Müasir dövrdə tam əminliklə deyə bilərik ki, Qafqazın ən güclü ordusu Azərbaycan Ordusudur. Beynəlxalq miqyasda isə “Global Firepower” portalının beynəlxalq reytinqinə əsasən, Azərbaycan 2023-cü ildə hərbi gücə görə 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Təbii ki, bu ölkədə həm iqtisadiyyat sahəsində, həm də digər sahələrdə aparılan islahatların nəticəsidir. Ölkə başçısının dediyi kimi, “Biz isə hər sahədə, beynəlxalq müstəvidə güclənirik, güclənməliyik – ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq”.
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir tipli ordu quruculuğu istiqamətində uğurlu işlər aparılır. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini Zəfərlə nəticələndirən Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi prosesi davam etdirilir, onun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Vətən müharibəsi zamanı Qələbənin əldə olunmasında mühüm rolu olan xüsusi təyinatlıların fəaliyyəti onu deməyə əsas verir ki, bu qoşun növü keçirilən təlim və kurslar, eyni zamanda, qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etmək qabiliyyətinə malikdir. Döyüşlər zamanı əldə olunan təcrübə göstərdi ki, xüsusi təyinatlıların çevikliyinə, onların sürətli manevr imkanlarına adekvat birləşmələrin qurulmasına ehtiyac var. Məhz ona görə də orduda həyata keçirilən islahatların tərkib hissəsi kimi Müzəffər Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda yeni əməliyyat hərbi hissələrinin – komando birliklərinin yaradılmasına başlanılıb. Bu bölmələrin təşkili xüsusi təyinatlı qüvvələrlə birgə icra olunacaq əməliyyatlarda olduqca önəmlidir. Azərbaycan Ordusunda peşəkarlığın artırılması, digər bölmələrlə qarşılıqlı tapşırıqların daha effektiv yerinə yetirilməsi üçün artıq bir neçə yeni komando hərbi hissəsi yaradılıb və bu proses davam etdirilməkdədir.
Azərbaycan hərbi gücünün artmasına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əzmkar fəaliyyəti, bu sahədə yürütdüyü qətiyyətli siyasəti nəticəsində nail olub. Hərbi quruculuğu prioritet istiqamət sayan dövlət başçısının bu sahənin inkişafına böyük əhəmiyyət verməsi, dünya hərb sahəsindəki bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün göstərdiyi səylər ordumuzun güclənməsinə, ölkəmizin müdafiə qabiliyyətinin artmasına təkan verir. Vətən müharibəsi Zəfəri ordu quruculuğunu yeni mərhələyə yüksəldib. Bütün bunlar Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsinə, onun qüdrətli ölkəyə çevrilməsinə imkan yaradır.
Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova