Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq siyasətdə müstəqil, fəal və strateji yanaşmasını nümayiş etdirdi.
Prezident İlham Əliyevin səfəri Azərbaycan-Macarıstan münasibətlərində strateji tərəfdaşlığın dərinləşdirilməsinin məntiqi davamı oldu. Əsas vurğu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Avropa enerji bazarındakı rolunun gücləndirilməsinə yönəldi. Yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər bu əlaqələrin inkişafına mühüm təkan verir. Gələcəkdə səfərin nəticələrinin konkret layihələr və artan ticarət dövriyyəsi vasitəsilə daha aydın şəkildə özünü göstərəcəyi şübhə doğurmur.
Tarixdə ilk dəfə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısının Budapeştdə keçirilməsi Macarıstan üçün mühüm diplomatik hadisə oldu. Tamhüquqlu üzv olmasa da, Budapeştin bu görüşə ev sahibliyi etməsi onun türk dünyası ilə əlaqələrini dərinləşdirmək istəyi kimi qiymətləndirilə bilər. Baş nazir Orban dost ölkələrin belə bir geosiyasi qeyri-müəyyənlik şəraitində bir araya gəlməsini yüksək dəyərləndirərək, TDT platformasının dialoq və əməkdaşlıq üçün əhəmiyyətini xüsusi vurğuladı.
Zirvə çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın artan regional və beynəlxalq rolunu, həmçinin xarici siyasətinin əsas istiqamətlərini əks etdirən geniş və məzmunlu çıxış etdi. O, Azərbaycan-Macarıstan münasibətləri, TDT çərçivəsində əməkdaşlıq və COP29-un Bakıda uğurla keçirilməsi məsələlərinə toxundu. Macarıstanın müstəqil siyasətinə yüksək dəyər verən dövlət başçısı Budapeştin Azərbaycanın etibarlı tərəfdaşı olduğunu bir daha bəyan etdi.
Prezidentin çıxışının əhəmiyyətli hissəsi TDT-nin inkişafına həsr olunmuşdu. Azərbaycanın təşkilat daxilində fəal rolu, xüsusilə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşünün təşəbbüskarı olması ölkənin türk dünyasında aparıcı rolunu təsdiqləyir. Azərbaycan bu istiqamətdə həm siyasi, həm iqtisadi, həm də infrastruktur baxımından mühüm təşəbbüslərlə çıxış edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın TDT ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə yatırdığını, Türk İnvestisiya Fondunun fəaliyyətə başlamasının isə əməkdaşlığa əlavə dinamika verəcəyini bildirdi. Azərbaycanın coğrafi baxımdan dənizə çıxışı olmasa da, ölkə Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin 5 milyon tona çatdırılması və Orta Dəhlizin rəqəmsallaşdırılması layihəsi regional inteqrasiyanın strateji əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq siyasətdə müstəqil, fəal və strateji yanaşmasını nümayiş etdirdi. O, Azərbaycan diplomatiyasının çoxşaxəli xarakterini – siyasi, iqtisadi və ekoloji istiqamətlərdə uğurlu siyasət yürüdülməsini aydın şəkildə ifadə etdi. Azərbaycan liderinin çıxışı həm də ölkəmizin türk dünyasında, eləcə də beynəlxalq arenada nüfuzunun artdığını bir daha təsdiqlədi.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı