image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-teleqraf_sas_-82

Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzaladı

image-legitimaz-810x90

Ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.

”Xeberaz.info” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, F.Məmmədov 1 iyul 1955-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 23 saylı məktəbdə alıb.

1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (hazırda Dövlət İdarəçilik Akademiyası) bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb, Bakı Şəhər Prokurorluğunda istintaq şöbəsinin prokuroru, Respublika Prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçib.

Sonralar Baş Prokurorluğunun Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini işləyib. Prokurorluğun Fəxri işçisi adına layiq görülüb.

O, 2000-ci ilin aprel ayında ədliyyə naziri təyin edilib, daha sonra formalaşmış hökumətlərdə 4 dəfə bu vəzifəyə yenidən təyinat alıb.

I dərəcəli dövlət ədliyyə müşaviridir.

 

2000-ci ildən Məhkəmə-Hüquq Şurasına rəhbərlik edib, 2023-cü ilədək dəfələrlə bu qurumun sədri seçilib.

Ümummilli Lider Heydər Əliyevin başçılıq etdiyi Hüquqi İslahatlar Komissiyasının işçi qrupunun üzvü olub, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvüdür.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidentidir. BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 5 ildən bir keçirilən Konqresinin 1-ci vitse-prezidenti və vitse-prezidenti seçilib.

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən, 23 fevral 2024-cü ildə Milli Məclisi tərəfindən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

2005-ci il iyunun 30-da “Şöhrət” ordeni ilə təltif edilib.

Prezidentin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə ona “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki