Prezident İlham Əliyev Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Xeberaz.info” sərəncamın mətnini təqdim edir:
1. Bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 (Cild I); 2025, № 4 (I kitab), maddə 379) ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Əsas icraçı orqan (qurum)” sütununa “(qurum)” sözündən sonra “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri əlavə edilsin;
1.2. 8.1.6-cı yarımbəndin “Əsas icraçı orqan (qurum)” sütununa “DGK” akronimindən sonra “, RİNN, AAYDA, ADY” akronimləri əlavə edilsin;
1.3. 8.5.2-ci yarımbəndin “Digər icraçılar” sütununa “DTA” akronimindən sonra “, ETN” akronimi əlavə edilsin;
1.4. 8.7.5-ci yarımbəndin “Əsas icraçı orqan (qurum)” sütununa “NMR NK” akronimindən sonra “, AAYDA” akronimi əlavə edilsin;
1.5. “AKRONİMLƏR VƏ İXTİSARLAR” hissəsinə “ADSEA – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözlərindən əvvəl “AAYDA – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1944 (Cild I) ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissə üzrə:
1.1.1. 1.1-ci bənddən “və bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyən edilən bölgüdə nəzərdə tutulan” sözləri çıxarılsın;
1.1.2. 1.4-cü bənd 1.5-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:
“1.4. Dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.”;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1-1-ci bənd ləğv edilsin;
1.2.2. 2.7-ci bənddə “bank” sözü “xəzinə” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.