Naxçıvanda və Bakıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıb.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.
DİN-dən Musavat.com-a verilən məlumata görə, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.
Həmin nəqliyyat vasitəsini idarə edən Məhəmməd Əhmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı Məhəmməd Əhmədovun narkotik vasitə qəbul etməsi müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Daha bir oxşar hadisə Bakıda baş verib. Paytaxt sakini Nadir Zeynalov “BMW” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetən N.Zeynalov inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
![]()
Narkotikin təsiri altında sükan arxasında keçməyin fəsadlarından danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Musavat.com-a deyib ki, bu, təkcə bir şəxsin məsuliyyətsizliyi deyil:
“Belə əməllər yol hərəkəti qaydalarına, cəmiyyətə, insanların həyatına qarşı açıq-aşkar təhdiddir. Narkotik qəbul edib avtomobil idarə edən sürücünü adi qayda pozanı kimi qiymətləndirmək olmaz. Bu adamın şüuru dəyişib, reaksiya qabiliyyəti iflasa uğrayıb, risk anlayışı itib. Belə sürücü təkcə özünü yox, qarşısına çıxan ailəni, yol kənarında dayanmış piyadanı, hətta min metr uzaqdakı sürücünü belə öldürə biləcək potensial qatildir. Bu, xoşumuza gəlsə də, gəlməsə də, acı reallıqdır. Bu hadisələr göstərdi ki, DYP əməkdaşlarının diqqəti və ayıqlığı sayəsində bir neçə mümkün faciənin qarşısı alınıb. Amma sual budur ki, hər dəfə bu cür məsuliyyətsiz sürücünü kimin bəxti gətirib saxlamalıdır?”
Ekspert bildirib ki, narkotikin təsiri altında sükan arxasına keçən şəxs artıq öz iradəsinin sahibi deyil:
“Belələri sürücü deyil, yolun ortasında bomba gəzdirən adamdır. Narkotik qəbul edib maşın sürmək elə bil qaranlıq otaqda tapançanın lüləsini özünə və digərlərinə tuşlayıb tətiklə oynamaq kimidir. Həm də bu insanlar nəinki öz həyatlarını təhlükəyə atır, onların bircə saniyəsi başqalarının ömrünü yarıda qırmağa bəs edir. Adama deyərlər sən bir dozanın təsirinə uyub sükan arxasına keçməklə təkcə özünün yox, minlərlə yol istifadəçisinin həyatına qəsd edirsən. Bu, məsuliyyətsizlik yox, konkret təhlükəli davranışdır. Sənə görə kiminsə balası atasız qalmalı deyil. Sənə görə kiminsə qazanc yeri məhv olunmamalıdır. Sənə görə bir ailənin gülü solmamalıdır. Ona görə də bu kimi hallara görə tətbiq edilən inzibati cəzalar daha sərtləşdirilməlidir. Çünki cəmiyyətin həyatı bir nəfərin ekstrim həvəsinin qurbanına çevrilə bilməz. Sükan arxasında narkotiklərlə “eksperiment” edənlərin sayı artır. Bu isə artıq ictimai təhlükəsizlik məsələsidir. Bu yolla həm özünü, həm də başqalarını məhvə aparanlara qarşı sərt və kompromissiz mövqe olmalıdır. Hüquq-mühafizə orqanları isə bir addım da geri çəkilməməlidir”.


























