Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibəti ilə YAP Zərdab rayon təşkilatının təşkilatçılığı ilə partiya üzvləri arasında “Poliqon” Strateji İntellekt oyunu üzrə rayon çempionatı keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə çempionat açıq elan edildikdən sonra Yeni Azərbaycan Partiyasının qurucusu, müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
“Xeberaz.info” xəbər verir ki, tədbirdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibəti ilə partiya üzvlərini təbrik etdi. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi iradəsi ilə əsası qoyulan Yeni Azərbaycan Partiyası bu gün Prezident, Partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının, modernləşməsinin və möhtəşəm Zəfərinin ideoloji dayağına çevrilib.
Vətən müharibəsi şəhidi, mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov çıxış edərək Yeni Azərbaycan Partiyasının tarix boyu dövlətçiliyimizin möhkəmlənməsinə, ölkənin davamlı inkişafına və xalqın rifahının yüksəldilməsinə xidmət etdiyini, bu gün ölkənin inkişaf kursunun əsas dayağı, gələcək nəsillər üçün güclü Azərbaycan idealını təmin edən siyasi qüvvə olduğunu diqqətə çatdırdı.
Heydər Əliyev Mərkəzinin “Zirvə”, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin “Həmkarlar”, Peşə liseyinin “Zərdabi”, Şəhər 3 saylı tam orta məktəbinin “Şuşa”, Yarıməmmədbağı kənd tam orta məktəbinin “Mübariz”, Gənclər evinin “Dəmir Yumruq”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarının “Uğur”, Mədəniyyət Mərkəzinin “Günəş”, Uşaq və İncəsənət Məktəbinin “İncəsənət” və Uşaq Gənclər İdman Şahmat məktəbinin “Zəfər” komandalarından ibarət 60 nəfər iştirakçının mübarizə apardığı çempionatda “Uğur” komandası 250 xalla I yeri, “Həmkarlar” komandası 215 xalla II yeri, “İncəsənət” komandası isə 195 xalla III yeri tutdu.
Qaliblərə YAP Zərdab rayon təşkilatı tərəfindən kubok və diplomlar təqdim olundu.














































