İran prezidenti Məsud Pezeşkian Təbrizə qeyri-rəsmi səfəri zamanı onu və mühafizəçilərini aparan üç avtomobil benzinin suya qarışması səbəbindən Qəzvin vilayətində yarı yolda dayanıb.
“Xeberaz.info” xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Qeyd olunub ki, dövlət başçısı Təbrizə qədər yolun qalan hissəsini taksi ilə gedib.
Prezidentin xüsusi baş müfəttişi Mustafa Molavi bildirib ki, hadisə iyulun 14-də baş verib: “Prezident mühafizəçiləri ilə birlikdə üç maşınla Təbrizə doğru yola düşdü və Rəşt magistralının çıxışına çatmamış yanacaqdoldurma məntəqəsində yanacaq doldurdular. Yanacaq doldurduqdan sonra hər üç maşın söndü. Məlum oldu ki, bu yanacaqdoldurma məntəqəsində su ilə qarışdırılmış keyfiyyətsiz benzin satılır və bundan əvvəl də bu cür hərəkətlər edilib”.
Maraqlısı isə budur ki, hadisədən sonra sözügedən yanacaqdoldurma məntəqəsi ilə bağlı heç bir tədbir görülməyib.