Peşəkar idarəetmə nümunəsi
1993-cü ildə müstəqilliyini yeni bərpa etmiş ölkə düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Ölkədə yaranmış xaos, hərc-mərclik nəticəsində xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Müstəqil Azərbaycan dövlətinin xaosdan çıxarılması, günü-gündən möhkəmləndirilməsi, inkişaf edirilməsi, iqtisadiyyatının gücləndirilməsi istiqamətində vacib və təxirəsalınmaz addımların atılması lazım idi. Bu isə uzun illər Azərbaycan üçün çalışan, onu qabaqcıl ölkələrdən birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan bir şəxsiyyətlə-Heydər Əliyevlə mümkün olardı.
Ulu Öndərin Prezident seçildiyi il Azərbaycan iqtisadiyyatının tamamilə dağıldığı, vətəndaşlarının rifah səviyyəsinin həddindən artıq aşağı olduğu vaxta təsadüf edirdi. İqtisadi cəhətdən son dərəcə çətin bir vaxtda respublikaya rəhbərlik etmək kimi ağır və məsuliyyətli yükü öz çiyinlərinə götürməyi sadəcə Heydər Əliyev dühası bacara bilərdi. Həmin dövrdə iqtisadi-sosial vəziyyətin son dərəcə ağır olduğuna baxmayaraq, Ulu Öndər öz xalqına arxalanaraq böyük ruh yüksəkliyi ilə bu çətinliyin öhdəsindən gəldi. Bu şərəfli və çətin yolun bəzən hətta keçilməz kimi görünən ağırlığı Ulu Öndərin gözünü qorxutmurdu, çünki o, bu işdə öz xalqı ilə yanaşı, həm də respublikanın iqtisadi-sosial, elmi-texniki potensialına güvənirdi: “Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcək işimizdə bir tərəfdən yaranmış potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik. Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın”.
Ulu Öndərin andiçmə mərasimindəki nitqində ərz etdiyi mətləblər, verdiyi vədlər respublikanın inkişafı naminə onun yorulmaz fəaliyyəti ilə real həyatda zaman-zaman təsdiqini tapdı. Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lideri ölkə daxilində demokratik prinsipləri bərqərar etməklə respublikanın xarici siyasətində dövlət müstəqilliyini daim qoruyan xətti əsas götürərək söz verdiyi kimi həyatının son dəqiqələrinə qədər millətinə sədaqətlə xidmət etdi, bütün fəaliyyətini Azərbaycan Respublikasının gələcək inkişafına yönəltdi.
Bu gün də həmin siyasi xəttin davamı olaraq, həmin ideyaların təməli üzərində ucaldılmış inkişaf strategiyası ilə Prezident cənab İlham Əliyev də eyni ilə öz dahi sələfinin and içərkən söz verdiyi kimi, Azərbaycan Respublikasına və Azərbaycan xalqına ləyaqətlə xidmət edərək bütün gücünü qüdrətlənmiş dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında ləyaqətli yer tutması üçün səfərbər edir.
Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli