image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-374c137f166b2edfb2f5ed5ff3cc3ef2

Paşinyana qarşı Zəngəzur iddiası – Bakıya verdiyi vədi pozub?

image-legitimaz-810x90

Köçəryan erməni baş nazirin üçtərəfli sənəddən kənar öhdəlik götürdüyünü iddia edir – reaksiya

“Qarabağın itirilməsi əsasən Ermənistanın 9-cu bəndi yerinə yetirməkdən imtina etməsi və “biz bu bəndi başqa cür başa düşürük” şəklində şərh etməyə başlaması ilə bağlıdır”.

Bu iddianı Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Köçəryan ötən həftəsonu yerli mediaya müsahibəsində irəli sürüb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il kapitulyasiya sənədinin 9-cu bəndinə əsasən Ermənistan Azərbaycanın materik hissəsindən Naxçıvana maneəsiz yol açmaq öhdəliyi götürüb.

Köçəryan bu xüsusda ardınca bildirib: “Tamamilə təbiidir ki, o halda Azərbaycan da deyir “bizi axmaq hesab edirsiniz? Müharibəni uduzan sizsiz, bu sənəddə Azərbaycanın maraqlarına cavab verən bircə məqam var və siz də bunu rədd edirsiniz?”

Köçəryana görə, daha sonra “Laçın dəhlizinin bağlanması və Qarabağın itirilməsi” baş verib.

Paşinyanın Bakıya sənədə düşməyən vədi olubmu, hansını ki, sonra danıb? Yoxsa bu, Köçəryanın onu gözdən salmaq üçün növbəti blefidir?

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib »  Newscenter.az

Günay Ağamalı

Deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı hesab edir ki, Köçəryanın son açıqlamaları təxribat xarakterli ritorikanın nümunəsi və Ermənistan daxilindəki gərgin siyasi mühitin göstəricisidir. O, “Yeni Müsavat”a deyib ki, Köçəryan  siyasi rəqibini hədəf almaqla Azərbaycanla normallaşma prosesinə əngəl törətməyə çalışır: “Lakin Köçəryanın erməni cəmiyyətində reputasiyası çox aşağı səviyyədədir və əksər ermənilər onu korrupsioner, fəaliyyətini isə qənaətbəxş hesab etmirlər. Məhz bu səbəbdən Köçəryan əllərində qalan yeganə vasitədən – Azərbaycan düşmənçiliyindən yararlanmağa çalışaraq erməni xalqını manipulyasiya etmək cəhdləri edir. Təbii ki, o, bu prosesdə tək deyil və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı olmayan qüvvələrdən fəal dəstək alır. Bütün bunlara baxmayaraq, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi açıq şəkildə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi öhdəliyini təsbit edir. Bu müddəa sənədin ayrılmaz hissəsidir və hüquqi baxımdan Ermənistan üçün məcburi xarakter daşıyır. Paşinyan rəhbərlik etdiyi ölkənin bu öhdəliyinə əməl etməli olduğu halda, sənədi qeyri-ciddi və ziddiyyətli şəkildə şərh edərək, faktiki olaraq Ermənistanın sözünün etibarsızlığını bir daha sübuta yetirib”.

Deputatın fikrincə, Köçəryanın “Paşinyanın Bakıya verdiyi, lakin sənəddə əks olunmayan vədi pozduğu üçün Zəngəzur iddiası ortaya çıxıb” deməsi nonsensdir: “Azərbaycanın heç bir gizli və ya sənəddə yer almayan vədə ehtiyacı olmayıb və yoxdur. Azərbaycan yalnız rəsmi sənədlərdə əks olunmuş öhdəliklərin icrasını tələb edir və bu, onun suveren hüququdur. Köçəryanın bu açıqlaması Ermənistan daxilində siyasi manipulyasiyaların bir hissəsidir və reallıqla heç bir əlaqəsi yoxdur. Əslində bu açıqlama Ermənistan cəmiyyətinə növbəti təxribat dolu siqnaldır. Bu gün Qarabağın itirilməsi, sabah isə Ermənistanın digər ərazilərinin təhlükə altına düşməsi barədə qorxu yaratmaq və revanşist ideyaları yenidən gündəmə daşımaq cəhdidir. Halbuki bugünkü regional sabitliyi pozan əsas səbəb Ermənistanın 9-cu bənd üzrə öhdəliklərini yerinə yetirməməsidir. Azərbaycan dövləti rəsmi sənədlər əsasında öz hüquqlarını tələb edir. Azərbaycanın heç bir dövlətin torpaqlarına iddiası olmayıb və olmayacaq da. Ermənistan rəhbərliyi bu reallığı dərk etməli, imza atdığı sənədə hörmət etməyi öyrənməli və Azərbaycan qarşısında öhdəliyini yerinə yetirməlidir”.

Azər Hüseynov: “Azərbaycanın strateji tərəfdaş kimi cəlbediciliyi artırır”  | Hafta.az

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Köçəryanın açıqlamasını bir neçə istiqamətdən analiz edir: “Paşinyana qarşı son dövrlər səsləndirilən ittihamlar Ermənistanın daxili siyasi konfiqurasiyası və regional güclər arasında davam edən geosiyasi gərginliklər kontekstində dəyərləndirilməlidir. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın son açıqlamaları da məhz bu kontekstdə analiz olunmalıdır. Köçəryanın 2020-ci il 10 noyabr kapitulyasiya bəyanatının 9-cu bəndinə istinad edərək Paşinyanı verdiyi sözü tutmamaqda ittiham etməsi əslində ölkə daxilində siyasi rəqabətin bir parçasıdır və bir neçə məqsədə xidmət edir: həm Paşinyanın legitimliyini zədələmək, həm də öz siyasi revanş planlarına zəmin hazırlamaq.

Reallıqda isə Zəngəzur dəhlizinin açılması təkcə Paşinyanın şəxsi iradəsi ilə tənzimlənə biləcək bir məsələ deyil. Ermənistanın daxilində bu dəhlizə qarşı ciddi müqavimət var və bu müqavimət əsasən Köçəryan-Sərkisyan dövrünün siyasi və inzibati elitasından qaynaqlanır. Bu çevrə, həm Rusiya ilə sıx əlaqələri, həm də köhnə nizamın dayaqları üzərində qurulmuş idarəçilik maraqları səbəbilə, Ermənistanın regionda yeni geosiyasi nizamın bir parçasına çevrilməsinə qarşıdır. Onlar Zəngəzur dəhlizinin açılmasının təkcə Azərbaycan və Türkiyə ilə deyil, eyni zamanda Qərblə yaxınlaşma siyasətinə də yol aça biləcəyindən ehtiyat edirlər”.

Ekspertə görə, digər tərəfdən, Ermənistanın daxili siyasi tarazlığı hələ də Paşinyanın tam nəzarətində deyil: “2021-ci ildə keçirilən növbədənkənar seçkilərdə qələbə qazansa da, Paşinyan administrasiyası dövlət aparatının mühüm qollarında, ordu, məhkəmə və xüsusi xidmət orqanlarında hələ də Köçəryan-Sərkisyan dövrünün təsirindən tam xilas ola bilməyib. Bu reallıq Paşinyanın hər hansı bir strateji addım atmasını çətinləşdirir və onu daxili sabitliyi qorumaq məqsədilə bəzi öhdəlikləri ertələməyə məcbur edir. Belə bir mühitdə, 10 noyabr bəyanatının 9-cu bəndində nəzərdə tutulan dəhlizin açılması ilə bağlı konkret addımların atılması siyasi cəhətdən risklidir və Paşinyan üçün daxildə əlavə təzyiqlərin yaranmasına səbəb ola bilər. Bütün bunların fonunda Zəngəzur dəhlizinin reallaşması yalnız Paşinyanın siyasi iradəsindən deyil, həm də regionda qlobal güclər arasında münasibətlərin hansı səviyyəyə çatacağından asılıdır. Hazırda Cənubi Qafqazda Rusiya, ABŞ, Fransa və Böyük Britaniya kimi əsas oyunçular arasında ciddi rəqabət mövcuddur. Bu güclərin regiondakı maraqları toqquşduğu bir vaxtda, hər hansı transsərhəd infrastruktur layihəsinin reallaşması təbii ki, sadələşmir. Rusiya Zəngəzur dəhlizinə nəzarət imkanını öz Cənubi Qafqaz strategiyasının bir hissəsi kimi görür, Qərb isə Ermənistanın bu yolla Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını da tam istəmir.

Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyi pozub-pozmaması məsələsi təkcə şəxsi iradə və ya siyasi etibarsızlıq çərçivəsində deyil, həm də ölkədaxili güc mübarizəsi və regionda davam edən geosiyasi rəqabət kontekstində analiz olunmalıdır. Ermənistan daxilindəki köhnə siyasi elitanın hələ də təsir gücünü saxlaması və bu qüvvələrin Paşinyanın qərarlarını bloklama potensialı dəhliz məsələsində konkret irəliləyişin qarşısını alır. Beləliklə, Köçəryanın iddialarından fərqli olaraq, əsas məsələ Paşinyanın “sözünü tutmaması” deyil, Ermənistanın hələ də daxili siyasi sabitliyə və vahid strateji vizyona sahib olmamasıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki