Partiya üzvlərini səciyyələndirən əsas göstəricilər – vətənə sadiqlik və ümummilli maraqlara sədaqət
21 noyabr 1992-ci ildən bizi 33 illik zaman ayırır. 33 il öncə müstəqil Azərbaycanın siyasi həyatında yeni cığır açıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Faktiki olaraq 1992-ci ilin noyabr ayı, Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra bir il keçmədi 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı. Yeni Azərbaycan Partiyasının 33 ildə keçdiyi çətin və şərəfli yol Ümummilli Lider Heydər Əliyevin partiyanın yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində səsləndirdiyi fikirləri bu gün bir daha xatırlamağa çağırış edir: “Bilirsiniz, bizim partiyanın əsası ona görə möhkəmdir, ona görə güclüdür ki, biz heç bir təsadüfi fikirlərlə yaşamamışıq.” Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası daim irəli baxır, zamanı qabaqlayır, yeni-yeni hədəfləri reallığa çevirməklə cəmiyyətdə nüfuzunu artırır. 33 illik çətin və şərəfli yolda qazanılan zəngin təcrübə həm ölkəmizə, həm də Yeni Azərbaycan Partiyasına bundan sonra daha möhtəşəm uğurlar, zəfərlər qazandıracaq”.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 33 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dünyada misli görünməmiş tarixi, siyasi və hərbi zəfərə imza atdı. Azərbaycan Ordusunun şücaəti, rəşadəti, qətiyyəti və peşəkarlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Bununla da tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü və BMT-nin kağız üzərində qalan qətnamələri icra olundu. Bütün dünya Azərbaycanda dövlət-xalq-ordu-iqtidar birliyinin ən əzəmətli və sarsılmaz nümunəsini gördü. Qarabağımızın ürəyi, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad olunması ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi Azərbaycanın gücünün, qüdrətinin, eləcə də haqqın və ədalətin təntənəsi idi. Bu günlərdə tarixi qələbəmizin birinci ildönümünü böyük sevinc hissi ilə qeyd etdik. Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli həmrəyliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük qayıdışın yüksək səviyyədə həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri























