İndiyədək məhkəmə ekspertizası əsasən dövlət qurumları tərəfindən həyata keçirilirdi, bundan sonra isə…
2026-cı ildən özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün konsepsiyada əksini tapıb.
Konsepsiyaya əsasən, özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində məhkəmə ekspertizası sahəsində alternativlik təmin ediləcək. Özəl məhkəmə ekspertizası institutunun fəaliyyət dairəsi genişlənəcək. Bununla da məhkəmə ekspertizası xidmətlərinə əlçatanlıq artacaq, rəqabətli mühit şəraitində ekspertiza sahəsinin inkişafına nail olunacaq.

Polad Mehdiyev
Hüquqşünas Polad Mehdiyev mövzunu “Yeni Müsavat”a şərh etdi. O hesab edir ki, Azərbaycanda özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılması məhkəmə-hüquq sistemində mühüm dəyişikliklər vəd edir: “Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” bu sahədə uzun müddətdir müzakirə olunan institusional boşluğun aradan qaldırılmasına yönəlib. İndiyədək məhkəmə ekspertizası əsasən dövlət qurumları tərəfindən həyata keçirilirdi və bu, proses iştirakçıları üçün alternativ rəy imkanlarını xeyli məhdudlaşdırırdı. Yeni yanaşma isə məhkəmə prosesində alternativliyin təmin olunmasını, ekspert rəyinin mübahisəsiz və dəyişməz mövqe kimi qəbul edilməsi praktikasının aradan qalxmasını nəzərdə tutur. Hakimlər artıq yalnız bir mənbəyə əsaslanmaq məcburiyyətində qalmayacaq, müxtəlif elmi və peşəkar rəyləri müqayisə etməklə qərarlarını daha əsaslandırılmış formada qəbul edəcəklər. Bu dəyişiklik ilk növbədə məhkəmə ədalətinə inamın möhkəmləndirilməsinə xidmət edir. Vətəndaşlar və tərəflər üçün sübutetmə imkanlarının genişlənməsi, alternativ ekspert rəylərinə istinad etməklə mövqelərin əsaslandırılması məhkəmə prosesinin daha şəffaf və inandırıcı aparılmasına şərait yaradacaq. Deyə bilərik ki, ekspertiza artıq əsas yekun sübut növü kimi yox, hüquqi mübahisənin tərkib hissəsi kimi çıxış edəcək”.
Hüquqşünas əlavə etdi ki, özəl məhkəmə ekspertizası institutu iqtisadi və kommersiya mübahisələri baxımından da əhəmiyyətlidir: “Tikinti, maliyyə, əmlakın qiymətləndirilməsi, audit və digər sahələrdə ekspertiza xidmətlərinə çıxışın asanlaşması işlərin daha operativ həllinə imkan verəcək. Bu isə ümumilikdə biznes mühitinin hüquqi baxımdan daha sabit və proqnozlaşdırılan olmasına müsbət təsir göstərəcək. Bu addım dövlətin məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində məqsəd məhkəmə proseslərini formal olaraq sadələşdirmək deyil, ədalət mühakiməsində obyektivliyin və keyfiyyətin real şəkildə gücləndirilməsidir. Özəl məhkəmə ekspertizası institutunun tətbiqi bu yanaşmanın məntiqi davamı kimi qiymətləndirilə bilər”.



















