Ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edən dövlət adamı
Azərbaycan dövlətçiliyinin salnaməsində 3 oktyabr 1993-cü il əbədi olaraq qızıl hərflərlə yazılmışdır. Məhz həmin gün xalqın iradəsi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə Azərbaycan tarixində dönüş nöqtəsi oldu və dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında həlledici mərhələni təşkil etdi. Dövlət müstəqilliyi hər bir xalqın varlığının əsas rəmzidir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” Bu ideya onun bütün siyasi fəaliyyətinin əsasını təşkil edirdi. 1990-cı illərin mürəkkəb dövründə Azərbaycanı parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən məhz bu müdrik siyasət xilas etdi. Gələcəyə böyük inamla baxan, Azərbaycanın gələcəyini çox gözəl görən Ümummilli Lider Heydər Əliyev ölkənin inkişafı üçün ardıcıl islahatlar həyata keçirərək dövlətin möhkəm təməllərini qoydu. Ulu Öndərin siyasətinin mərkəzində azərbaycançılıq ideyası dayanırdı. Onun sözləri ilə desək: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır.” Bu ideya dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərləri özündə birləşdirərək milli həmrəyliyin əsası oldu.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi həm nəzəri, həm də praktiki mahiyyət kəsb edirdi. “Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır” – söyləyən Ümummilli Lider, əslində, hər bir azərbaycanlının üzərinə tarixi məsuliyyət qoyurdu. Ümummilli Liderin irəli sürdüyü ən mühüm hədəflərdən biri demokratik, hüquqi və dünyəvi dövlət qurmaq idi. Bəli, bu üç söz Azərbaycanda dövlət quruculuğunun əsas mənasını təşkil edirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verildi, qanunun aliliyi dövlətin əsas vəzifəsi kimi qəbul olundu. Ümummilli Lider Heydər Əliyev üçün milli rəmzlər xalqın birliyinin və dövlətçiliyin simvolu idi. Respublikanın təhsil işçiləri və 1999-cu ildə ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” – söyləyən Ümummilli Liderin bu yanaşması nəticəsində Azərbaycanın üçrəngli bayrağı, himni və gerbi xalqımızın müqəddəs dəyərlərinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin siyasi irsində mühüm yer tutan digər amil isə sülh və sabitlik idi. Ulu öndərin layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində bu gün də müstəqillik yolu ilə, demokratiya yolu ilə, insan azadlıqları yolu ilə, bazar iqtisadiyyatı yolu ilə sürətlə irəliləyən Azərbaycan üçün sülh və sabitlik Ümummilli Liderin qurduğu və bu gün də layiqincə davam etdirilən inkişaf strategiyası dövlətimizin tərəqqisinin əsas dayağıdır.
Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru