Ölkənin konstitusiya quruluşunun tarixi
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu — Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. “Konstitusiya” latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunlar məcəlləsi belə adlanır. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiya qəbul etməsə də, Milli Şurada qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsi onu əvəz edirdi. 1920-ci il aprel işğalından sonra Azərbaycanın ictimai və dövlət quruluşunda mövcud olmuş qaydalar dəyişdirildi və sovet rejiminin formalaşmasına başlandı. Sovetləşmə başa çatdıqdan sonra 1921-ci il mayın 19-da Bakıda keçirilən Azərbaycan SSR-in Birinci Sovetlər qurultayı Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi. 1937-ci il martın 14-də IX fövqəladə Azərbaycan Sovetlər qurultayı Azərbaycan SSR-in ikinci Konstitusiyasını təsdiq etdi. Bu Konstitusiya 1936-cı ildə qəbul edilmiş SSRİ Konstitusiyasının təkrarı idi. Azərbaycan SSR-in sonuncu Konstitusiyası 1978-ci il aprelin 21-də qəbul edildi. Bu Konstitusiyanın 73-cü maddəsinə görə Azərbaycan SSR-in dövlət dili Azərbaycan dili idi. Bu, o dövr üçün çox cəsarətli addım idi, çünki SSRİ-nin milli siyasətinin şovinist zəmində qurulduğu bir dövrdə respublikanın ali qanununa belə bir maddənin daxil edilməsi Sovet milli siyasətinin tələblərinə uyğun deyildi. Bu çətin vəzifənin öhdəsindən o zamanlar Azərbaycana rəhbərlik edən Heydər Əliyev gəldi.
1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildi. Bu sənədə görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunurdu. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsinin imzalandığı andan etibarsız olduğu göstərilirdi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmışdı. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
Yeni Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi nailiyyətlər təsbit olunmuşdu.
Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi






















