Ölkəmizin mövqeyi ilbəil güclənir və beynəlxalq proseslərdə önəmli rol oynayır.
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtona işgüzar səfəri isə həmin strateji kursun yeni və əhəmiyyətli mərhələsi kimi yüksək dəyərləndirilir. Bu səfər dövlətimizin regional və beynəlxalq müstəvidə təsir gücünün artdığını, həmçinin dünya siyasətində fəal və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir. Səfərin ən mühüm və əhəmiyyətli nəticələrindən biri Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən tarixi Sammit olub. Bu görüş nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bu sənəd Azərbaycan tərəfindən illər boyu irəli sürülən və müzakirə edilən sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və qəbul edilməsinin mühüm göstəricisidir. Birgə Bəyannamə regional sülhün bərqərar olması üçün zəruri olan əsas prinsipləri və addımları müəyyənləşdirir. Eyni zamanda, sənəd Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, qarşılıqlı hörmət və təhlükəsizliyin təmin olunması üçün etibarlı baza yaradır.
Görüşün nəticələri regionda uzun illər davam edən gərginliyin aradan qaldırılması yolunda əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilir. Birgə Bəyannamənin imzalanması ilə Azərbaycan öz prinsipial mövqeyini beynəlxalq platformada daha da gücləndirmiş, sülh və əməkdaşlıq çağırışlarını reallığa çevirmək üçün beynəlxalq həmrəylik nümayiş etdirib. Sammit, həmçinin beynəlxalq ictimaiyyətə Azərbaycan Respublikasının qonşularla sülh və əməkdaşlıq siyasətinə ciddi töhfə verdiyini göstərir və ölkəmizin qlobal siyasətdə nüfuzunun artmasına xidmət edir. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın sülh diplomatiyasında əldə etdiyi yeni uğurun parlaq ifadəsidir və gələcəkdə Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm bir təməl daşıyır.
Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması olub. Bu faktor sülh prosesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilib, gələcəkdə sülh sazişinin imzalanması və ratifikasiyası üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb.
Vaşinqton səfəri Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi kimi yadda qalacaqdır. Bu uğur regionun gələcəyi üçün ümidverici və konstruktiv yol xəritəsinin formalaşmasına mühüm töhfə verir. Azərbaycan artıq öz siyasi gündəliyini tam müstəqil şəkildə müəyyənləşdirən və onu qlobal diplomatiya səhnəsində uğurla reallaşdıran güclü dövlətə çevrilib. Ölkəmiz sülh və əməkdaşlıq siyasəti ilə dünya arenasında öz sözünü deyərək, gələcək nəsillər üçün dəyərli örnək yaradıb.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı