Ölkə daxilində potensial risklər mövcud deyil.
2026-cı il yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına geniş müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizin daxili və regional siyasətinə dair mühüm mesajlar səsləndirdi. Müsahibə zamanı cənab Prezidentin çıxışının mərkəzində dayanan mövzulardan biri Azərbaycanın daxili sabitliyi və potensial risklər barədə idi. Bu mövzudan bəhs edərkən ölkə başçısı qeyd etdi ki, “Azərbaycanda ölkə daxilində potensial risklər mövcud deyil. Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur. Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir – ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. İstəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”.
Azərbaycan artıq daxili təhlükəsizlik baxımından kifayət qədər güclüdür və belə bir güvənlə, həm dövlət, həm də cəmiyyət səviyyəsində sabitliyin qorunmasına sadiqdir. Xalqın rifahı və dövlətin dayanıqlı gələcəyi üçün daxili sabitlik ən vacib prioritetdir, və bu, ölkə rəhbərliyinin ardıcıl siyasətinin nəticəsidir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru






















