Oktyabrın 4-dən etibarən, demək olar ki, hər gün Cəbrayıl rayonunun kəndlərinin bir-bir işğaldan azad edildiyi xəbərlərini alırdıq
Hər bir azərbaycanlı cəbhədən növbəti xoş xəbəri eşitmək üçün ekran başında, sosial şəbəkələrdə səbirsizliklə gözləyir. Nəhayət, axşam 20:00 radələrində Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini verir: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Bu, Prezidentdən aldığımız ikinci müjdəli xəbər idi. Suqovuşanın azad olunma xəbərindən sonra xalqımız hər gün dövlət başçısından xoş xəbərlər gözləyirdi. Artıq hər kəsdə qələbə ruhu duyulurdu. Cəbrayıl 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhər idi. Eyni zamanda həmin gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri də işğaldan azad edildi. Beləliklə, Cəbrayıl şəhərində də Azərbaycan bayrağı dalğalanırdı.
Oktyabrın 4-dən etibarən, demək olar ki, hər gün Cəbrayıl rayonunun kəndlərinin bir-bir işğaldan azad edildiyi xəbərlərini alırdıq. Ümumilikdə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhər və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın erməni silahlı birləşmələrindən təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlətimizin nəzarəti qismən bərpa edilib.
Tarixə nəzər: Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılıb. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.
Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən rayon 400-ə yaxın şəhid verib, 177 nəfər əlil olub, 91 nəfər əsir və itkin düşüb. Erməni işğalçılarına qarşı döyüşlərdə Cəbrayıldan olan 6 nəfər göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü il 5 yanvarda Horadiz əməliyyatı zamanı rayonun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin ətrafdakı yüksəkliklərdə düşmən qüvvələri olduğu üçün kənddə yaşayış mümkün olmayıb. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndikdən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib. Aprel zəfərindən sonra Azərbaycan dövləti Cocuq Mərcanlıda yenidənqurma işlərinə start verib və tezliklə bu kənddə həyat yenidən qaynayıb, illər sonra kəndin sakinlərinin torpaq, yurd həsrəti bitib. Cocuq Mərcanlı Böyük qayıdışın ilk qaranquşu kimi tarixə düşüb.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc