”Xeberaz.info’‘ xəbər verir ki, “The Jerusalem Post” qəzetinin yaydığı məlumata əsasən, İsrailin 600-dən çox keçmiş təhlükəsizlik əməkdaşı ABŞ prezidenti Donald Trampa açıq müraciət ünvanlayıb. Müraciətdə onlar Netanyahunun Qəzza siyasətinə son qoymaq üçün Trampı birbaşa təsir göstərməyə çağırıblar.
Müraciəti imzalayanlar arasında keçmiş general və polkovniklər, “Mossad” və “Şin Bet” kimi güc strukturlarının sabiq rəhbərləri, eyni zamanda İsrail ordusunun elit bölmələrində xidmət etmiş zabitlər yer alır. Onların fikrincə, Qəzzada davam edən hərbi əməliyyatlar artıq İsrailin təhlükəsizliyinə xidmət etmir, əksinə, ölkəni beynəlxalq təcridə sürükləyir və regionda daha böyük təhlükələrə yol açır.
Məktubda xüsusi vurğulanır ki, Donald Tramp ABŞ prezidenti və İsrailin ən mühüm strateji tərəfdaşı kimi Netanyahunun destruktiv siyasətini dayandırmaq gücündə olan nadir liderlərdən biridir. İmzaçılar Trampdan tələb edirlər ki, İsrail rəhbərliyinə atəşkəsin elan olunması və Qəzzada humanitar dəhlizlərin açılması üçün təzyiq göstərsin, eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində yeni proseslərə start verilsin.
Bu müraciət həm də İsrailin daxili siyasi həyatında Netanyahunun siyasətinə qarşı artan narazılığı göstərir. Təhlükəsizlik elitasının tanınmış simaları açıq şəkildə bildirirlər ki, baş nazirin şəxsi maraqları və siyasi ambisiyaları İsrail xalqının təhlükəsizliyini ikinci plana atır və müharibə yolu ilə bu təhlükəsizlik təmin edilə bilməz.
Analitiklər qeyd edirlər ki, bu cür genişmiqyaslı narazılıq məktubu İsrailin ali hərbi-siyasi çevrəsində yaranmış ciddi parçalanmanın göstəricisidir. Əgər bu çağırış Tramp administrasiyası tərəfindən diqqətə alınarsa, yaxın gələcəkdə Yaxın Şərqdə yeni geosiyasi düzən və danışıqlar prosesi başlaya bilər.
Azərbaycan üçün isə bu müraciət xüsusilə əhəmiyyətlidir. İsrail Azərbaycan üçün strateji tərəfdaşlardan biridir və bu ölkədə baş verən daxili dəyişikliklər, xüsusilə təhlükəsizlik orqanlarının tutduğu mövqe, Bakı-Təl-Əviv münasibətlərinə də dolayı təsir edə bilər. Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki yeni kursu Azərbaycanın da regional maraqlarına təsir edəcək.
Musavat.com olaraq bu müraciətin mümkün nəticələrini və İsraildəki daxili siyasi atmosferdəki dəyişiklikləri diqqətdə saxlayacağıq.